Qarabağ Universitetinin açılması təhsilimizdə yeni mərhələnin başlanğıcı oldu

Qarabağ Universitetinin açılması təhsilimizdə yeni mərhələnin başlanğıcı oldu    Azərbaycanın ictimai-siyasi həyatında ard-arda baş verən tarixi əhəmiyyətli hadisələr ölkəmizin günü-gündən güclənməsini, hərtərəfli inkişafını, beynəlxaq nüfuzunun yüksəlməsini şərtləndirir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər, bunun ardınca bir-bir qazandığımız uğurlar qarşımızda parlaq üfüqlər, aydın cığırlar açır. Suverenliyimizin bərqərar olması, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti quruculuq işləri qarşıya qoyulan hədəflərə inamla çatacağımıza inamımızı daha da artırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə çıxışında cəmiyyətə verdiyi əsas mesajlardan biri də strateji yol xəritəmizdəki vektorların reallıqla səsləşməsi idi. Dövlət başçımızın parlamentin kürsüsündən etdiyi proqram xarakterli çıxışında səsləndirdiyi fikirlər qarşıya qoyulan məqsədlərə çatmaq üçün siyasi iradənin mövcudluğunu göstərdi. Eyni zamanda bir neçə gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşündə dövlət başçısı vətəndaşlara sadə və aydın ismarıclar göndərdi.  Müharibələrin, regional münaqişələrin, etnik, dini ayrı-seçkiliyin baş alıb getdiyi müasir dünyamızda inkişaf etməkdə olan ölkələrə qarşı təzyiq kampaniyası aparılır. Biz bu gün Azərbaycana qarşı müxtəlif cəbhələrdən ideoloji təxribatların aparıldığının şahidi oluruq. Belə bir məqamda dövlətçiliyin, milli birliyin qorunması hava-su kimi vacibdir.  Cənab Prezidentin qeyd etdiyi kimi, bu təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. “Biz sakitləşməməliyik, Azərbaycana qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki edirik” deyən dövlət başçısı gənclərimizin yüksək vətənpərvərlik ruhunu, idman, elm sahələrində əldə etdikləri yüksək nəticələri daim yüksək qiymətləndirir. Gənc nəslin milli ruhda, vətənpərvər mühitdə böyüməsi, onun öz dövlətinə və Vətəninə sahib çıxması, bu gün əldə edilən uğurları gələcəyə daşıması dövlət başçısının çıxışlarında xüsusi vurğulanıb.  Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm də Vətənə bağlı olsun.  Bu həm də azərbaycanlı gəncin modelidir. Gənclərinn xarici təsirlərdən qorunması, yad təmayüllərə boyun əyməməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bu mənada yeni yaradılan Qarabağ Universitetinin fəaliyyəti, gənclərin bu təhsil ocağında təhsil almağa meyl göstərməsi etibarlı gələcəyə olan ümidimizi artırır. Qarabağ Universitetində tədris üçün tam şərait yaradılıb. Universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün müvafiq binalar ayrılıb. Tələbələr üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Universitet şəhərciyində əməkdaşların və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada isə ümumilikdə 186 mənzil mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaşın və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulub. Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb. Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirak etməsi bu təhsil ocağının müəllim və tələbə heyəti üçün çox böyük qürurdur.  Dövlət Suverenliyinin bərpasından sonra Xankəndindəki Qarabağ Universitetinin açılması təhsilimizdə yeni mərhələnin başlanğıcı oldu. Bu təhsil müəssisəsində gənclərin vətənpərvərlik və öz ölkəsinə qarşı məsuliyyət ruhunda tərbiyə olunacağına heç kəsin şübhəsi yoxdur.  Qarabağ Universitetinin açılması təkcə təhsil infrastrukturunun bərpası deyil, həm də milli birliyimizin,  suverenliyimizin rəmzidir.  Gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasında ailənin və təhsilin üzərinə böyük vəzifələr düşür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasında gənclər siyasətinin düzgün qurulması vacib faktor kimi göstərilib. Milli ideologiya Prezident İlham Əliyev tərəfindən diplomatik ustalıq və siyasi uzaqgörənliklə həyata keçirilir. Zəfərimizin mayasında məhz bu ideologiyanın dayaqları durur.

Dilarə Cəbrayılova 
V Çagırış millət vəkili 
Bakı şəhəri 295nömrəli tam orta məktəbin direktoru