44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirmək ölkəmizin əsas hədəfi idi. Bu baxımdan, təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Ölkə başçısı cənab İlham Əliyevin nəzarəti ilə həyata keçirilirdi. Qeyd edək ki, tarixən Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daim bu məsələ diqqətdə saxlanılıb. Bu baxımdan ali təhsil müəssisələrinin Qarabağda, ilk olaraq isə məhz Xankəndidə yaradılması xüsusilə vacib idi. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Qarabağın sürətlə məskunlaşması və yüksək inkişafı baxımından Qarabağ Universiteti önəmli missiya daşıyırdı. Cari ilin 20 sentyabr tarixixdə, Azərbaycan Prezidentinin Sərəncamına əsasən böyük coşqu və qürurla Dövlət Suverenliyi Günü kimi qeyd edildiyi bu əlamətdar gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərinə səfər etməsi, orada yeni təsis olunmuş Qarabağ Universitetində yaradılan şəraitlə tanış olması, professor-müəllim heyəti və gənc tələbələrlə görüş keçirməsi dövlətimizin başçısı tərəfindən elmə, təhsilə, eləcə də sülhə, sabitliyə, tərəqqiyə verilən dəyərin bariz nümunəsidir. Dövlət Suverenliyi Günündə öz fəaliyyətinə başlamış Qarabağ Universiteti bir tərəfdən ölkə tarixində Azərbaycana qarşı həyata keçirilmiş vandallıqları araşdıraraq xalqımızın igid, qəhrəman övladlarının şücaəti ilə bərabər tariximizin öyrənilməsini, digər bir tərəfdən isə yeni, müasir çağırışlara əsaslanan Azərbaycanın davamlı və gələcək inkişafının təminatçısına çevriləcək kadrların hazırlanmasını, gənclərimizin ixtisaslaşmasını uğurla həyata keçirəcəkdir. Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu məqamlara toxunaraq bildirmişdir: “44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar”. Qarabağ Universitetinin yaxın bir neçə ildə ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilməsi üçün möhkəm zəmin mövcuddur. Əminiklə qeyd etmək olar ki, Qarabağ Universitetinin tələbələri Azərbaycanımıza layiqli vətəndaş olacaq, yüksəkixtisaslı mütəxəssis kimi yetşəcələr. Bu təhsil ocağı yeni dövrün çağırışlarına uyğun, məhz müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun formalaşacaqdır. Tələbələr Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq, vətənpərvər ruhlu, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadiq gənclər kimi yetişəcək və bütün gənclərimiz qarşıdakı dövrdə Azərbaycanımızın inkişafına öz layiqli töhfələrini verəcəklər.
Taleh MİRZƏYEV,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq
şöbəsinin müdiri səlahiyyətlərinin icraçısı