30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan bu müddət ərzində Qarabağdakı milli-mədəni irsimizi bütünlüklə silməyə çalışdı. Başqasının torpağında özünə “yurd” salmağa adət etmiş ermənilərə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə zamanı elə bir dərs verdi ki, bu, çətin ki, onların yadından uzun müddət çıxsın. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımız artıq işğaldan azad edilmiş torpaqlarımıza geri dönür.
2016-cı ilin aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə başlayan Böyük Qayıdış bu gün ardıcıllıqla, xüsusi plan əsasında davam edir. Artıq Zəngilan rayonun Ağalı kəndinin, Füzuli, Şuşa, Xocalı, Laçın rayonlarının sakinləri öz yurd-yuvalarına dönürlər. 30 illik vətən, torpaq həsrəti bitib. İnsanlar öz ata-baba yurdlarında daimi yaşamağa qayıdır. Azərbaycan dövləti qısa zamanda işğaldan azad edilmiş ərazilərdə ən yüksək səviyyədə infrastruktur və yaşayış məntəqələri salır.
Ulu öndər Heydər Əliyev qaçqın və məcburi kökçün vətəndaşlarımızla hər görüşündə əminliklə bildirirdi ki, biz o torpaqlara qayıdacağıq. Ölkə başçısı cənab İlham Əliyev 2016-ci il aprel döyüşlərindən sonra Cocuq-Mərcanlının yenidən bərpası ilə bağlı tədbirdə qeyd etdi ki, gün gələcək, biz Qarabağa qayıdacayıq, orada tikib-quracağıq.
Təbii ki, Qarabağdan didərgin düşmüş sakinlərimiz köçkünlük həyatı yaşadıqları dövrdə daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Bu gün də dövlətimiz keçmiş məcburi köçkünlərə hərtərəfli dəstək durur. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurdan olan hər bir vətəndaşımız böyük həvəslə, sevinclər öz doğma yurdlarına qayıdırlar və ya o günü səbrsizliklə gözləyirlər. “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində yaxın 3 ildə 100 minə qədər köçkün doğma yurd-yuvalarına dönəcəkdir. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır. Hazırda dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. İşğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində ən əsas vəzifələrindən biridir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Böyük Qayıdış son illər regionumzuda həyata keçirilmiş ən irimiqyaslı layihələrdən biridir. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu prosesi yaxından izləyir və öyrənirlər. Konsepsiyaya daxil olan bütün tədbirlər, layihələr Azərbaycanın daxili imkanları hesabına həya keçirilir. Bu da iqtisadi azadlığımızın qorunması, yeni iş yerlərinin yaradılması baxımından çox önəmli faktordur. Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydançasını xatırladır. Yenidən qurulan şəhərlərimiz, rayon və kəndlərimiz xüsusi plan, layihə əsasında inşa olunurlar. İcra olunan tikinti layihələri beynəlxalq standartlara, müasir tələblərə uyğun hazırlanıb. Layihələr hazırlanarkən yerli, milli xüsusiyyətlər, ornamentlərə də diqqət yetirilib.
Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün investisiya iqlimini şərtləndirən siyasi, iqtisadi, hüquqi və sosial amillər öz həllini tapıb. Hədəflərimizə çatmaq üçün Böyük Qayıdışı təmin edən infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir.
Böyük Qayıdış çərçivəsində bu günə qədər görülən işlər işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühitin formalaşmasına gətirib çıxarıb. Daha da gözəlləşən yurdlarımıza köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Əminliklə demək olar ki, illər sonra öz dədə-baba ocaqlarına qayıdan ailələr burada əsl xöşbəxlik tapacaqlar. Zəngin mədəni irsi, milli mətbəxi olan qarabağlılar yenə də öz qonaqlarını ləziz təamları ilə təəccübləndirəcəklər. Mədəniyyət beşiyimiz olan Şuşa, sənətkarlar diyarı olan Ağdam yenə də milli müsiqimizin ən gözəl notlarını, nümunələrini yaradaraq dünya incəsənətinə töhfə verəcəklər.
FUAD HÜSEYNZADƏ
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.