Qarabağa yeni marşrutların açılması Böyük Qayıdış prosesini daha da sürətləndirəcək

İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesi sürətlə davam edir. Demək olar ki, bir hər gün bu torpaqlarımızla bağlı yeniliklərin şahidi oluruq. Azərbaycanın dilbər guşələri olan rayonlarımıza səfər etmək istəyənlərin sayının çoxluğunu nəzərə alan dövlətimz Bakıdan və digər şəhərlərdən Qarabağ bölgəsinin yeni istiqamətləri üzrə müntəzəm avtobus reyslərini açmaq qərarına gəlib. Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumatdan belə məlum olur ki, azad olunan hər bir rayon üzrə ayrıca marşrutlar açılacaq. Bakı-Zəngilan, ️Bakı-Laçın, Mingəçevir-Laçın, ️Naftalan-Suqovuşan, Xankəndi-Bərdə marşrutları bizi Qarabağımıza daha da yaxınlaşdıracaq. Bundan başqa azad edilmiş ərazilərdə də şəhərlər arasında avtobus reysləri açılacaq. Söhbət Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa istiqamətləri üzrə avtobus marşrutlarından gedir.

Böyük Qayıdış konsepsiyasından irəli gələn bu məsələlər 30 ildən artıq işğal altında qalmış Qarabağ torpaqlarını bizə daha da doğmalaşdıracaq, oradakı həyatı daha da canlandıracaq. İşğaldan öncəki dövrdə olduğu kimi hər bir Azərbaycan vətəndaşı istədiyi vaxt Qarabağın hər hansı rayonuna səfər edə, oranı gəzə biləcək. Təbii ki, Qarabağa səfərlərin təhlükəsizliyinin təmin edilməsi olduqca vacibdir. Düşmənin ayaqlarımız altına basdırdığı minaların hələ hamısı zərərsizləşdirilməyib, tapılmayıb. Ermənistan beynəlxalq konvensiyalara zidd olaraq mina xəritələrini tam düzgün şəkildə Azərbayacana verməyib. Bu da Böyük Qayıdış prosesinin sürətnə mənfi təsir göstərən amildir.

Ümumiyyətlə, strateji əhəmiyyət kəsb edən layihələrin çevik həlli və ərazilərin inkişafı üçün Azərbaycanın yol xəritəsi vardır. Bu xəritə Qarabağımızda sosial, iqtisadi, mədəni həyatın canlanmasına imkan verəcək, əhalinin layiqli həyat şəraitini təmin edəcəkdir.

 

 

Yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi sürətlə davam etdirilir.

Füzulidən Şuşaya çəkilən ilk yol qayıdışın uğurlu simvollarından biridir. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilər­də 15 avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Bütün avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün“Qarabağın hava qapısı” adlandırılan Füzuli, Laçın və Zəngilan Beynəlxalq Hava Limanları artıq istifadəyə verilib. Bütün bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir, əlbəttə ki, Dövlət Proqramlarına uyğun olaraq bu proses davamlı şəkildə gedəcək.

Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm hissəsini təşkil edir. 30 ilə yaxın müddətdə doğma yurd-yuvasından ayrı düşən insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə qayıtması üçün genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri ilə yanaşı onlarınməşğulluğunun təminedilməsi, sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin yaradılması istiqamətlərində işlər aparılır.

Hazırda yay ayıdır. İnsanlarımız dincəlmək üçün turistik imkanları geniş olan dağ rayonlarına səfər etməyə hazırlaşırlar. Təbii ki, hər il eyni rayonlara səfər etmək, eyni mənzərələrə baxmaq insanlarımızı yorur. Bu mənada yaxın gələcəkdə yay aylarında Qarabağımızın gözəl şəhər və rayonlarına səfərlərin mümkünlüyü daha da asanlaşacaq. İşğaldan öncəki illərdə olduğu kimi Qarabağdan olmayan vətəndaşlarımız da isti yay günlərində kurort əhəmiyyətli, səfali bölgələrimiz olan Laçına, Kəlbəcərə, Şuşaya, Xankəndiyə, Xocalıya dincəlməyə üz tutacaqlar. Bu baxımdan yerüstü nəqliyyat marşrutlarının açılması prosesi daha da sürətləndirəcək. Qarabağ və Şərqi Zəngəzur doğma sakinlərini səbirsizliklə gözləyir. 30 illik işğal dövründə bizim ən gözəl məkanlarımız belə boz, miskin görünürdü. Bir sözlə, Böyük Qayıdış post-müharibə dövründə düşmənə göz dağı verən ən böyük silahımız, güc vasitəmizdir.

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.