Ermənistanın Azərbaycan torpaqlarında yerləşən qanunsuz silahlı bölmələrinin avqust ayının 3-də törətdiyi təxribat, terror nəticəsində bir əsgərimiz şəhid olub. Azərbaycan torpaqlarını tərk etmək əvəzinə terrorçu erməni qruplaşmaları öz mövqelərini möhkəmlətməyə cəhd edir, revanşist xülyalara dalırlar.
Azərbaycan silahlı qüvvələri isə beynəlxalq hüquq çəçivəsində Ermənistanın təxribatına cavab olaraq "Qisas" antiterror əməliyyatı keçirərək düşmənə ağır zərbə vurdu, şəhidimizin qanını yerdə qoymadı.
Maraqlısı odur ki, bizim torpaqlarda terror törədən Ermənistan hər zamankı həyasızlığından qalmayaraq Azərbaycanı guya üçtərəfli bəyanatı pozmaqda ittiham edir.
Milli Cəbhə Partiyası bəyan edir ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdır. Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə Azərbaycan tərəfindən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də qanunsuz silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığı danılmaz faktdır.
Milli Cəbhə Partiyası bəyan edir ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Ona görə də Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib ərazilərimizdən silahlı dəstələrini qeyd - şərtsiz, dərhal çıxarmalıdır.
Milli Cəbhə Partiyası olaraq erməni silahlı bölmələrinin təxribatlarını qətiyyətlə pisləyirik. Biz Qarabağ məsələsinin nizama salınmasında Azərbaycan hökumətinin siyasətini dəstəklədiyimizi, xalqımızın və dövlətçiliyimizin yanında olduğumuzu bir daha bəyan edirik.