“Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirir 

"Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ iqtisadi rayonuna, eyni zamanda Şərqi Zəngəzura səfərləri həmişə yaddaqalan olur, müxtəlif yeniliklərlə, obyeklərin təməlqoyma və açılış mərasimi ilə, yol və digər infrastruktur layihələrin təqdimatı ilə vətəndaşlarımızın diqqətini çəkir. Dünən Prezidentimizin və Birinci xanımın Füzuliyə və Şuşa şəhərinə səfərləri və həmin ərazilərdə həyati əhəmiyyətli obyektlərin təməlinin qoyulması ilk növbədə erməni işğalı nəticəsində yurd-yuvasını tərk etmiş və 30 ildən artıqdır ki, Böyük Qayıdışı səbirsizliklə gözləyən vətəndaşlarımızın sevincinə səbəb oldu. İnsanlarımız bir daha Qarabağda aparılan böyük quruculuq işlərinin gedişatı ilə əyani şəkildə tanış oldular". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işləri daha geniş əraziləri əhatə edəcək: "30 il erməni silahlı birləşmələrinin işğalı altında qalan, dağıdılan, yaşmalanan, talan edilən, ekoloji terrora məruz qalan torpaqlarımıza bu gün can gəlir, dirilir, çiçəklənir, rahat nəfəs alır. Çünki bu torpaqların əsl sahibləri qayıdıblar. Ermənistan bu ərazilərə yalnız dağıtmaq, talan etmək, yandırmaq üçün gəlmişdi. Onların bu vandal əməlləri onu deməyə əsas verir ki, əslində Qarabağın, Zəngəzurun ermənilərə məxsus olması ilə bağlı uydurduqları hekayələr həqiqətən mif imiş, heç bir mənbəyə əsaslanmırmış, sadəcə erməni ideoloqları tərəfindən uydurulmuş nağıl imiş. Məgər insan öz torpağına, təbiətinə bu qədər düşmən olarmı? Əlbəttə, yox. Erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərinin izləri, vurduğu yaralar bu gün dövlət başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında və planlı şəkildə aradan qaldırılır. Füzuli rayonunda yeni parkın, rayon mərkəzi xəstəxanasının təməlinin qoyulması, mədəniyyət beşiyimiz olan Şuşada inzibati binanın və Şirin su hamamının, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin, Mehmandarovların malikanə kompleksinin bərpası, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri və həyata keçirilən digər layihələr tezliklə Böyük Qayıdışın başlanacağına bir işarədir".

A.Hüseynov əlavə edib ki, bu gün Qalib Lider, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlər edir, bir yerdə təməlqoyma mərasimində, digər bir yerdə açılış törənlərində iştirak edir. Prezidentin “Qarabağda cənnət yaradacağıq” vədi ilə bu gün Onun rəhbərliyi altında görülən işlər ardıcıllıq təşkil edir. Bu, sözlə əməlin bir olmasıdır. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən də cənab İlham Əliyev idi. Dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Prezidenti azad olan torpaqlarımızda gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Şuşada xalqa müraciətində Prezidentimiz deyib: "Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".