“Qarabağda lokal anti-terror tədbirlərinin keçirilməsi zamanın tələbidir”

“Qarabağda lokal anti-terror tədbirlərinin keçirilməsi zamanın tələbidir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın təxribatları, terror siyasəti bu əməliyyatı zəruri edib:

“Qarabağda lokal anti-terror tədbirlərinin keçirilməsi zamanın tələbidir. Vəziyyətin gərginləşməsinin səbəbkarı isə, şübhəsiz Ermənistandır. Müharibədən üç ilə yaxın müddət ötməsinə baxmayaraq, bu ölkənin siyasi rəhbərliyi, şəxsən baş nazir Paşinyan sülh müqaviləsinin imzalanmasından yayındı. 10 noyabr Bəyannaməsinin 4-cü və 9-cu bəndlərinə uyğun olaraq, erməni silahlı birləşmələri ərazidən çıxarılmadı. Zəngəzur dəhlizi açılmadı.

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən Paşinyan, separatçıları ,,müstəqillik günü,, münasibətilə təbrik etməklə, əsil simasını göstərmiş oldu. Ermənistan büdcəsindən terrorçu dəstələrin maliyyələşdiriməsi isə, heç bir normal məntiqə sığmır.

Bütün bunlarla yanaşı, Ermənistanın Fransanın dəstəyi ilə, Hindistandan yüz milyonlarla dollar dəyərində müasir silahlar alması, İran vasitəsilə daşınması gözümüzün önündə baş verən hadisələrdir. Hər kəs başa düşürdü ki, Ermənistan, Qarabağdakı separatçılar, xaricdəki havadarları ilə birlikdə ciddi şəkildə müharibəyə hazırlaşırlar.

Ərazisində qanunsuz silahlı dəstələrin mövcudluğu, istənilən dövlət üçün ən böyük təhlükədir. Bu baxımdan, separatçıların yenidən təşkilatlanmasına, silahlanmasına qətiyyən imkan vermək olmaz. Əsrlərin sınağından çıxmış bir el məsəli var. “Keçinin ölümü gələndə başını çobanın çomağına sürtər”. Bu gün səhər polislərimizin, mülki vətəndaşlarımızın ermənilərin təzə basdırdıqları minaların partlaması nəticəsində həlak olmaları, düşmənçiliyin kulminasiya nöqtəsi oldu.

Sadaladığım faktlar anti-terror tədbirlərinin qaçılmaz olduğunu, son dərəcə zəruriliyini sübut edir. Separatçılar təslim olmalı, silahları təhvil verməli və sadə xalqı qorxu altlnda saxlayan xunta rejimi özünü buraxmalıdır. İnşallah, yaxın günlərdə anti-terror tədbirlər uğurla başa çatacaq və üçrəngli bayrağımız Xankəndində, Qarabağın bütün yaşayış məntəqələrində dalğalanacaqdır.

44 günlük müharibədə, siyasi, ideoloji ziddiyətlərə baxmaraq, bütün ictimai-siyasi təşkilatlar vahid mövqedən çıxış etdilər. Xalqımızın milli birliyini bütün dünya gördü. Ancaq Xalq Cəbhəsi, Müsavat və Real partiyalarının anti-terror tədbirlərini dəstəkləməmələri, anti-milli mövqedir və hər bir vətəndaşımızda məyusluq doğurur. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar, bütövlükdə cəmiyyət qeyd-şərtsiz dövlətin arxasında durduqları halda bu üç partiyanın tutduqları mövqe vətənə xəyanətkarlıqdır. Başqa ad tapmaq çətindir. Belə bir çətin, tarixi dövrdə, dövlətə, millətə qarşı müxalifətçilik etmək heç kimə şərəf gətirməz”.