Qaradağ rayonunda “Əbədiyaşar Lider” adlı tədbir keçirilib

Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı tədbir təşkil edilib. Tədbir Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi ilə başlayıb.

Öncə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı" adlı videoçarxın nümayişi olub. Tədbirin aparıcısı Arzu İbrahimova çıxış üçün sözü Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verib.

İbrahim Əliyev çıxış edərək bildirib ki, Heydər Əliyev Mərkəzinə ekskursiya edərkən Heydər Əliyev Fondunda işlədiyim zaman xüsusi diqqətlə yerləşdirdiyimiz əşyalar, geyimlər gözümdə canlandı. Stendlərdəki şəkillərdə gördüklərimin canlı şahidi olmuşam.

Daha sonra Qaradağ rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Leyla Nəcəfova Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan xalqının tarixində gördüyü misilsiz xidmətlərdən danışıb. Heydər Əliyev ömrü boyu mənalı bir həyat yaşayıb, fəaliyyət göstərib, müdrik və uzaq görən siyasəti, liderlik keyfiyyəti və xüsusi rəhbərlik bacarığı ilə xalqımızın Ümumilli Lideri səviyyəsinə yüksəlib, görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olub. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün bütün bu misilsiz xidmətlərlə yanaşı 3 böyük nemət də bəxş edib - Müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası və İlham Əliyev şəxsiyyəti. Ulu Öndərimiz Azərbaycan xalqına xitabən demişdir: "Mən özüm qədər İlham Əliyevə inanıram. İnanıram ki, mənim başa çatdıra bilmədiyim işləri, arzuları, istəkləri o, həyata keçirəcək". Bu gün xalqımızın ən böyük arzusu və istəyi də artıq reallaşıb. Müzəffər Ali Baş Komandanımız ata vəsiyyətini yerinə yetirərək 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu Qələbə təkcə torpaq, ərazi bərpası deyil, bu bizim milli qeyrətimiz, milli qürurumuzun qələbəsidir!".

L.Nəcəfova çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə rəhbər şəxs kimi fəaliyyət göstərdiyi ilə fəxr etdiyini bildirib: "Ulu Öndərimizin əziz xatirəsi daim ürəklərdə yaşayıb və bundan sonra da yaşadacaqdır".

Millət vəkili Aydın Hüseynov öz çıxışında Heydər Əliyevin həyatı ilə bağlı və onun Azərbaycan xalqının taleyində oynadığı mühüm rol barəsində öz fikirlərini çatdırıb: "Ulu Öndər hələ birinci dəfə hakimmiyyətdə olduğu dövrdə Aərbaycanın bütün istiqamətlərdə inkişafına nail olmuşdur. Əgər o dövrlərdə Azərbaycan aqrar ölkə kimi tanınırdısa, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan sənaye ölkəsinə çevrildi. Nəhayət onu xüsusi olaraq deyə bilərik ki, Müstəqil Azərbaycan dövlətinin inkişafını, möhkəm bir dövlət olmasının əsasını Heydər Əliyev qoyubdur".

Daha sonra Qaradağ rayon İcra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova da Heydər Əliyev haqqında öz fikirlərini bildirib.

Tədbirin bədii hissəsində Ulu Öndərin sevdiyi, özünün də zümzümə etdiyi musiqilərdən ibarət qısa video çarx nümayiş etdirilib. Sonra isə Muğam müsabiqəsinin qalibi Səbinə Ərəbli, Xanəndə Vətən müharibəsi qazisi Əvazxan Əzizov və xanəndə Gülyaz Həsənzadə musiqi nömrələri ilə çıxış ediblər. 166 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Səma Əliyeva "Qalibiyyət Dastanı" adlı şeir nömrəsi ilə çıxış edib.