2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Qaradağ rayonunun Ümid və Korgöz qəsəbələrində seçicilərlə görüşlər davam etdirilib.
Görüşlərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri, şəhid övladı Yusif Hüseynov çıxış ediblər. Çıxışçılar diqqətə çatdırıblar ki, Prezident İlham Əliyev XXI əsrin lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatlarda inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Onun həyata keçirdiyi düşünülmüş islahatlar Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb.
Natiqlər qeyd ediblər ki, İlham Əliyev siyasətinin mərkəzində insan amili dayanır, onun amalı qurub-yaratmaqdır. Xalqını daha xoş günlərə, daha firavan həyata qovuşdurmaq, hər bir azərbaycanlının həyat səviyyəsini yaxşılaşdırmaq Prezidentin fəaliyyət proqramının əsasını təşkil edir.
Çıxış edən seçicilər diqqətə çatdırıblar ki, Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Azərbaycan xalqı növbəti tarixi bir mərhələ üçün fevralın 7-də həmrəy olacaq, qalib Lider İlham Əliyevə səs verəcək.