"Qardaş Türkiyə ilə hər bir sahədəki əməkdaşlığımız yüksələn templə davam edir" - Deputat

"Azərbayan və Türkiyə tarix boyu bir-birinə dəstək olan qardaş ölkələrdir".

Sabahinfo.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir:

"44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi olduq. Həmin dövrdə biz Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə söykəndiyni gördük. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Postmüharibə düvrünün ilk aylarından etibarən də Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmləndi və sarsılmaz oldu. Hər iki ölkə rəhbərləri tərəfindən atılan addımlar sayəsində qardaş Türkiyə ilə hər bir sahədəki əməkdaşlığımız yüksələn templə davam edir.

Ən önəmlisi isə odur ki, 15 iyun 2021-ci il tarixində Şuşa şəhərində hər iki qardaş ölkənin başçıları Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədilər.

Qeyd edim ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Bu səbəbdən də bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib".

Deputat vurğulayıb ki, əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin ən son əyani sübutu iki qardaş ölkə rəhbəri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rize-Artvin hava limanının açılışı oldu:

"Cənab Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir daha göstərdi ki, iki qardaş ölkə arasında əlaqələr əbədi və sarsılmazdır. Hazırda elə bir sahə yoxdur ki, Türkiyə ilə əməkdaşlıq etməyək. Xalqlarımız arasındakı səmimi və mehriban münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. İki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Bu gün regionda Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib. Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır.

Hər iki ölkə başçılarının, eləcə də digər rəsmi şəxslərin səfərləri ölkələr arasındakı mövcud münasibətin daha da dərinləşdirilməsinə xidmət edir.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ölkəmizə səfəri və Milli Məclisin sədri xanım Sahibə Qafarova ilə görüşü parlamentlərarası münasibət, deputatların mütəmadi görüşləri, qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından çox mühümdür. Əminəm ki, bundan sonra da qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn templə davam edəcək və bütün sahələrdəki əməkdaşlığımız daha da möhkəmlənəcək".