2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Qaradağ rayonunda seçicilərlə görüşlər davam etdirilib.
Görüşlərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayaeva, həmçinin təşviqat qrupunun üzvləri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanın iqtisadi və hərbi qüdrəti gündən-günə artır, xalqımızın rifah halı yüksəlir və son 20 ildə əldə olunmuş bu uğurların əldə edilməsinin əsas səbəbkarı qalib xalqın qalib Lideri İlham Əliyevdir. Bu gün bütün azərbaycanlılar ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tap bərpası ilə qürur duyur.
Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.
Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.
Həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 May küçəsində, Hüseyn Məmmədov küçəsində və İntiqam Nəbiyev küçəsində yaşayan seçicilərlə də məhəllə görüşləri keçirilib.