Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkə rəhbərliyinin uzaqgörən diplomatik siyasətinin növbəti qələbəsidir. Hərb meydanında olduğu kimi siyasi düzəndə də Ermənistanı çıxılmaz vəziyyətdə qoyan rəsmi Bakı İrəvanı kəndlərimizi geri qaytarmağa məcbur etdi. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında həyata keçirilən tədbirlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Qazaxın 4 kəndinin bir güllə atılmadan qaytarılması ilə Azərbaycan öz suverenliyini daha da möhkəmlətdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
Bu tarixi hadisənin əhəmiyyətini diqqətə çatdıran C.Quliyev əlavə edib: “Bütün dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən danışıqlar çərçivəsində ilk dəfə olaraq Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlməsi iki ölkənin sülhə çox yaxın olduğunu göstərir. Bu razılaşma ümumilikdə Cənubi Qafqazda sülhə və sabitliyə xidmət edən mühüm addımdır. Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər əsasında aparılan danışıqlar Ermənistan cəmiyyətində narazılıqlar doğursa da, İrəvan qanuna əsaslanan qərarları icra etməyə məcburdur. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin dövlət xadimi kimi nailiyyətlərini daha da zənginləşdirdi. Məhz Azərbaycan Prezidentinin hərbi, diplomatik həmlələri Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi.
Sözü və əməli həmişə üst-üstə düşən dövlətimizin başçısının Qazaxın 4 kəndinin azad ediləcəyi ilə bağlı açıqlaması da reallaşdı. 1992-ci ildən Ermənistanın işğalına məruz qalan həmin kəndlər Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində kəndlərimizin Ermənistanın işğalı altında qalmasının qəbuledilməz olduğunu vurğulamışdı. “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”, - deyən dövlətimizin başçısı məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün həmin kəndlər Azərbaycana qaytarıldı”.
Deputatın sözlərinə görə, Prezidentin məlum tapşırığından 3 ay sonra məsələnin öz həllini tapması Azərbaycanın Ermənistan üzərində öz siyasi iradəsini tətbiq etmək imkanının səviyyəsini göstərir. Delimitasiya prosesi ilə bağlı aydın və kompleks yanaşma sərgiləyən Azərbaycan Prezidenti anklav kəndlərlə bağlı da yanaşmasını ortaya qoyub.
“O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”, -deyən Prezident Əliyevin bu açıqlaması əmin olmağa imkan verir ki, qarşıdakı aylarda Azərbaycan-Ermənistan şərti sərhədinin daha da dəqiqləşdirilməsi üçün real addımlar atılacaq.
“Ermənistan cəmiyyətindəki narazılıqlara baxmayaraq rəsmi İrəvanın delimitasiya prosesi üzrə nümayiş etdirdiyi konstruktivlik heç də Paşinyanın qanunpərəstliyindən, hümanistliyindən irəli gəlmir. Birinci səbəb Azərbaycan Ordusunun 44 günlük müharibədə ermənilərə vurduğu zərbə və əldə etdiyi qələbədir. Digər tərəfdən Azərbaycan öz xarici siyasətini daim beynəlxalq hüquqa əsaslandırır. İrəvanda da yaxşı başa düşürlər ki, Azərbaycan öz tələblərində haqlıdır. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan Ordusu özü sərhədləri müəyyən edəcək. Bu isə İrəvana çox baha başa gələcək”, - deyən Cəbi Quliyev bir daha qeyd edib ki, Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır. Ən əhəmiyyətlisi isə odur ki, Azərbaycan ilə Ermənistan arasında delimitasiya prosesi çərçivəsində bir qarış da olsun torpağımız Ermənistana verilmədi.