"Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri qarşılıqlı münasibətlərin, dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə tarixə keçdi."
Bu sözləri "Atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
O, əlavə edib ki, ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir:
"Prezident İlham Əliyevin Qazaxıstana səfəri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi, Prezident Kasım-Jomart Tokayevin Ulu Öndər barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə böyük hörmətin olduğunu nümayiş etdirir.
Qazaxıstan Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazının adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzidir.
Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri ölkələrimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, nəqliyyat-logistika və yükdaşıma sahələrində əldə edilmiş uğurlu nəticələrin və perspektiv imkanların müzakirəsi baxımından əlamətdar olub. Belə ki, dövlət başçılarının iştirakı ilə keçirilən məhdud və geniş tərkiblərdə görüşlər zamanı ölkələrimiz arasında ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və bu istiqamətlərdə səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb, illik ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğu diqqətə çatdırılıb.
Son illər dünya miqyasında bir sıra enerji, nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınan Azərbaycan Respublikası beynəlxalq güclərin də xüsusi önəm verdikləri Orta Dəhlizin fəaliyyətinin canlandırılmasına mühüm töhfələr verir."-Müşfiq Məmmədli deyib.
Deputat qeyd edib ki, səfərin ən mühüm nəticələrindən biri də Ali Dövlətlərarası Şuranın təsis edilməsi oldu. Bununla,Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə - Orta Dəhlizə üçüncü ölkələri cəlb etmək barədə ümumi razılığa gəlindi. Bu anlaşma iki ölkə arasında yüklərin çatdırılmasında sabitliyi və operativliyi təmin etməyə imkan verəcək.
Yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verən Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin, o cümlədən Orta Dəhlizin inkişafında Azərbaycanın strateji tərəfdaşı olan Qazaxıstanın da dünya bazarlarına çıxışını asanlaşdırır. Qazaxıstan bu il Azərbaycan üzərindən Orta Dəhliz vasitəsilə taxıl və digər məhsullarla yanaşı, öz neftinin də müəyyən hissəsini ixrac etməyi planlaşdırır. Orta Dəhlizin mühüm seqmentləri olan avtomobil və dəmir yolları, dəniz limanları, daşıma qovşaqları üzrə infrastrukturun inkişafı, eləcə də liman əməliyyatlarının səmərəliliyinin artırılması istiqamətində görülən işlər gələcəkdə Orta Dəhlizin funksionallığının artmasına səbəb olacaq.