Qazaxıstanla dostluq münasibətlərimizin uğurlu inkişafı davam edir

Dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman mühüm rol oynayıb, türk dövlətləri ilə olan mehriban əlaqələrimiz və dostluq münasibətlərimiz isə bu siyasi kursda xüsusilə qeyd edilməlidir. Xüsusən də Vətən Müharibəsində qazandığımız qələbə, qələbənin ardından Türkiyə ilə münasibətlərimizi müttəffiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanması və Türk Dövlətləri Təşkilatında fəal iştirakımız, ümumilikdə Təşkilatın gücünün-qüdrətinin və nüfuzunun son dövrlərdə artması türk dünyasını daha da yaxınlaşdırmış və möhkəmləndirmişdir. Keçən il o vaxtkı adı ilə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə cənab Prezidentin Türk Dünyasının Ali Ordeni ilə mükafatlandırılırması isə cənab Prezident İlham Əliyevin bu birliyə verdiyi töhfənin sübutudur.

Türk dünyasının böyük dövlətlərindən olan Qazaxıstan ilə ölkəmizin dostluğu da dərin köklərə malikdir, ikitərəfli və beynəlxalq münasibətlərdə ölkələrimizin mövqeyi hər zaman üst-üstə düşür. Azərbaycan və Qazax xalqlarının qardaşlığı və dostluğu üzərində qurulan dövlətlərarası münasibətlər Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin 30 avqust 1992-ci il tarixində yaradılmasından bu yana daima yüksələn xətt üzrə inkişaf edir. Təkcə iki ölkə arasında 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcminin 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dollarına çatmasını vurğulasaq Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafının bariz nümunəsini görərik

Tarixə nəzər salsaq görərik ki, bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndərimiz Heydər Əliyevin 1997-ci il iyunun 10-11-də baş tutmuş Qazaxıstana rəsmi səfəri bu ikitərəfli münasibətlərdə yeni səhifə açmışdır. Səfər zamanı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi haqqında Bəyannamə, neftin beynəlxalq bazarlara nəql olunması üzrə əməkdaşlıq haqqında memorandum, azad ticarət haqqında saziş, neft maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında saziş və digər sənədlər imzalanmışdır.

Dahi siyasətçi və əvəzedilməz lider Heydər Əliyevin siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü il martında etmişdir. Səfər zamanı dövlət başçıları xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparmış, neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin böyük əhəmiyyətə malik olmasını vurğulamışlar.

Keçən il avqustun 24-də Qazaxıstan Prezidenti Tokayevin ölkəmizə səfəri də olduqca faydalı və əlamətdar olmuşdur. Bu ilin aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana növbəti rəsmi səfərini ölkələrimiz arasında inkişaf edən bu dostluq münasibətlərinin növbəti ardıcıl mərhələsi kimi qeyd edə bilərik.

Səfər zamanı cənab Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminin keçirilməsini xüsusi qeyd etmək istərdim. Tokayevin çıxışında qeyd etdiyi “Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur” sözləri Ulu Öndər Heydər Əliyevin türk dünyasını daha sıx birləşdirmək üçün gördüyü xidmətlərə verilən dəyərin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin qardaş qazax xalqına xüsusi münasibət və sevgisinin qonşu və qardaş ölkə tərəfindən yüksək qiymətləndirilməsinin nümunəsi olan bu tədbir Ulu Öndərin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin və əbədi dost-qardaş əlaqələrinin təcəssümüdür.

Səfər zamanı Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə və geniş tərkibdə görüşü, daha sonra sənədlərin imzalanması mərasimi olmuşdur. Qeyd edək ki, xüsusi müzakirə olunan məsələlərdən biri, iki ölkə tərəfindən “yaşıl enerji”yə keçid sahəsində göstərilən ciddi səylərlə bağlı idi. Belə ki, bərpaolunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Azərbaycanla əlaqəyə xüsusi üstünlük verilir. Bütün bunlarla bərabər, nəqliyyat-logistika əlaqələrinin inkişafı, Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyət diqqətdə saxlanılır.

2023-cü ilin martından Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstanın “Tengiz” yatağından hasil edilən neftin nəqlinin həyata keçirilməsi, iki ölkənin energetika sahəsində əməkdaşlığına dair ciddi nümunəni ortaya qoyur. Səfər zamanı hər iki ölkə başçısı tərəfindən xüsusilə vurğulanmışdır ki, ölkələrimizin infrastrukturunu, sənaye potensialını, bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini artırmaqla milyard dollara çatdırmalıyıq.

Həmçinin qeyd edək ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü, eləcə də Qazaxıstanda Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş marka buraxılması Azərbaycanın haqq mübarizəsində daima yanında olan qardaş qazax xalqının dostluğumuza verdiyi töhfələrdir.

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov