Qəbələ və Qaxdakı tarixi diyarşünaslıq muzeylərinin bu günki vəziyyəti araşdırılacaq

Laləndar Novruzova: “Muzeylər qorunursa, demək bizim tariximiz qorunur və bu da bizim tariximizin əbədi qalması deməkdir”

 

Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi 1 iyul 2023-cü il tarixindən “Ölkəmizin şimal rayon mərkəzlərində olan tarix-diyarşünaslıq muzeylərin bu günki vəziyyətinin araşdırılması” layihəsinin icrasına start vermişdir. Bu haqda Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyinin sədri Laləndar Novruzova saytımıza məlumat verib.

Laləndar Novruzova bildirib ki, muzeylər qorunursa, demək bizim tariximiz qorunur və bu da bizim tariximizin əbədi qalması deməkdir: “Muzeylər  hər bir xalqın tarixini gələcəyə aparıb onların keçmişindən xəbər verən mədəniyyət ocağıdır. Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir”.

QHT sədri deyib ki, hal-hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir: “Bütün bunlara baxmayaraq, oradakı eksponatların qorunması, saxlanmasında müasir qaydalara, tələblərə riayət olunmur. Bu da ciddi fəsadlara-eksponatların korlanmasına, zədələnməsinə, məhv olmasına səbəb olur. Dünya muzeyləri  gizli kameralar ilə təchiz olunduğu halda bizim muzeylərdə normal siqnalizasiya sistemi belə, yoxdur. Azərbaycan muzeylərinin bu günkü durumu dünya muzeyləri ilə müqayisə olunacaq səviyyədə deyildir. Layihə işi çərçivəsində ölkəmizin şimal rayonlarından olan Qəbələ və Qax şəhərlərindəki tarixi diyarşünaslıq muzeyləri seçilmişdir. Muzeylər xarici turistlərin də ən çox ziyarət etmək istədiyi bir yer olduğu üçün onların bu günki, vəziyyəti və problemlərinin araşdırılması önəmli əhəmiyyət kəsb edir”.