Qəbələdə gənclər üçün Payız düşərgəsi keçirilib

Azərbaycan Respublikasınin Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024- cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək" layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə füsunkar təbiətə malik Qəbələ rayonunda 01- 02-03 noyabr 2024-cü il tarixində Payız düşərgəsi keçirilib.

   Düşərgənin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək və “gənc təbiət dostları” şəbəkəsinin formalaşmasıdır.

  Müsabiqə nəticəsində seçilmiş 20 nəfər yeniyetmə və gəncə 3 gün ərzində  ətraf mühitin qorunması istiqamətində müxtəlif maraqlı öyrənmə metodları və praktiki məşğələlər keçirilib.  Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər yaşıl dünya və ətraf mühitin qorunması təşəbbüsü istiqamətində aparılıb.

   Düşərgədə iqlim dəyişikliyinin fəsadları üzrə mübarizədə gənclərin rolu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 və sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti, ətraf mühitin qorunması istiqamətində icra edilən layihələrdə liderlik psixoloji təlimi,  ətraf mühit layihələrinin əsas aspektləri, “Gənc təbiət dostları” şəbəkəsinin formalaşdırılması və rayonlar üzrə layihə təkliflərinin müzakirəsi,  kiçik layihə təşəbbüslərinin təqdim olunması istiqamətində təqdimatlar, müzakirələr və  qrup işləri həyata keçirilib.

Düşərgənin son günü  Qəbələ şəhərinə, qədim Laza kəndinə, Nohurgölə, 7 gözəl şəlaləsinə, meşə massivinə və digər maraqlı ekoloji məkanlara ekskursiyanın təşkili iştirakçı gənclərdə xoş təəsürat yaratmaqla, ətraf mühitə qarşı daha məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

İştirakçılara sertifikatların təqdim olunması və xatirə fotolarının çəkilməsi ilə düşərgə yekunlaşıb.