Azərbaycanın hər bir bölgəsi tarixidir, qədimdir. 1403-cü ildən 1905- ci ilədək qədim Azərbaycan torpağı olan Füzuli şəhərinin adı Qarabulaq idi. 1905-ci ildən I Rus-İran müharibəsinin iştirakçısı polkovnik Pavel Karyaginin şərəfinə Qaryagin qəzası adlandırılmışdır. 1906-cı ildən 1918-ci ilədək qəza, sonra isə rayon mərkəzi oldu. 1959-cu ildə böyük Azərbaycan şairi Mövlana Məhəmməd bin Süleyman Füzulinin şərəfinə Füzuli adlandırıldı. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.
Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə digər ərazilərimiz kimi Füzuli və onun kəndləri erməni vəhşiliyinə məruz qalmışdır. Bununla bağlı tarixi sənədlər mövcuddur. Lakin XXəsrin 90-cı illərində Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və kəndləri ilə yanaşı, Füzul rayonu da işğala məruz qalmışdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Bu ilk Qələbə idi. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaqdır. Ancaq rəşadətli Ordumuzun qarşısında düşmən tab gətirə bilmədi və hətta “məğlubedilməz ordu” öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edir.
Azərbaycan Ordusu məsuliyyətli və peşəkar Ordudur və ləyaqətlə, müharibə qanunları ilə döyüşürdü. Baxmayaraq ki, düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Ali Baş KOmandanın dediyi kimi, “Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb”.
Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Təbii ki, 30 il ərzində bütün ərazilərimiz kimi Füzuli rayonu da tamamilə dağıdılıb. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırımışdır.
Vətən müharibəsi başa çatdıqdan sonra fəxrlə deyə bilərik ki, Füzuli dirçəlir, Füzuliyə həyat qayıdır. Bu gün Füzuli şəhərində, eyni zamanda işğaldan azad edilmiş digər torpaqlarımızda icra edilən infrastruktur layihələri eləcə də qısa müddətdə inşa edilib istifadəyə verilən, “Qarabağın hava qapısı” hesab edilən Füzuli Beynəlxalq Hava Limanı bir daha Azərbaycanın potensialını göstərir, eyni zamanda iqtisadi gücümüzü təcəssüm etdirir. Artıq Qarabağın, Şərqi Zəngəzurun əzəli sahibləri ora geri qayıtmağa başlayıb və Azərbaycanın tarixi şəhər və kəndləri əvvəlki əzəmətini bərpa edəcəkdir.
Allah torpaqlarımızı, o cümlədən Füzulini azad edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin.
Bu gün Füzuli azaddır! Bu gün Füzulidə və eləcədə işğaladan azad edilmiş bütün torpaqlarımızda Azərbayacan bayrağı dalğalanır və əbədi dalğalanacaq!
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova