Qələbəyə adını yazdıran İGİDLƏR

9 may alman faşizmi üzərində tarixi qələbə günü kimi keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda yüksək əhval-ruhiyyədə qeyd olunur. Bu qələbənin əldə olunmasında SSRİ tərkibində olan ölkələrdən demək olar ki, ən çox Azərbaycanın misilsiz rolu olub. Bakı nefti ilə hərəkət edən texnika düşmənə sarsıdıcı zərbələr endirir və möhtəşəm QƏLƏBƏYƏ addım-addım yaxınlaşmağı təmin edirdi. Onu da bildirək ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Azərbaycan müharibə illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı "Qafqazın idarə olunması planı"na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.

Digər bir plana görə, SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin "Böyük Türküstan" dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin "Edelveys" adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri "Vilvet" planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.

Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları Sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.

Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən 2-sini məhv etmiş, 17 yara almasına baxmayaraq, öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.

1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.

Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası", döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk diviziyası", 271-ci diviziya "Qarlov diviziyası", 77-ci diviziya "Simferopol diviziyası" və 223-cü diviziya "Belqrad diviziyası" adını qazanmışdılar. 223-cü və 416-cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. 1944-cü ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belarusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusiyada "Dyadya Kolya" partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, "Armed Mişel" (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və ən yüksək fəxri adı - "Fransanın Milli Qəhrəmanı", şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Partizan dəstəsində onunla yanaşı, T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov, M.Seyidov və başqaları da döyüşmüşdülər. Bunlardan başqa, Yuqoslaviya Xalq Azadlıq ordusu sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50 nəfəri Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan partizan qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və A.Məmmədov, pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov və başqaları fərqlənmişdilər.

İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov, İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov, M.Abdullayev, S.Səfiyev və başqaları Şimali İtaliyanın azad edilməsində fəal iştirak etmişdilər. Əli Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, "Hərbi şücaətinə görə" gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri B.Mussolinini həbs edənlərdən biri olmuşdu.

Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər.

Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan "Aslan", "Dönməz", "Qafqaz", "Vətən" və b. hərbi dəstələr də bu döyüşlərdə iştirak etmişdilər.

1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.

Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi.

O, Almaniyanı tərk etməli olmuşdu. 1943-cü ilin payızında Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.

Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermişdilər. 1941-1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları təşkil etmişdilər.

Beləliklə, İkinci Dünya Müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.

Rəhim Tarverdiyevin misilsiz qəhrəmanlığı

Rəhim Tarverdiyev qədim Dərələyəz mahalının sayılıb-seçilən, ermənilərə qarşı xüsusi amansızlığı ilə seçilən Tanrıverdi kişinin övladı olub. Tanrıverdi kişi daşnaklara qarşı daim mübarizə aparıb. Obasında daşnakların qənimi kimi ad çıxarıb. Oğlu Rəhim də atasından gördüyü bu şücaəti İkinci Dünya Müharibəsi illərində faşist Almaniyasına qarşı döyüşdə tətbiq edib. 1942-ci ildə müharibə başlayan zaman könüllü olaraq ordu sıralarına qatılan Rəhim Tarverdiyev təmsil olunduğu tağımda hər zaman öz çevikliyi ilə seçilib. Nəvələrinin dediklərinə görə, silahdan mükəmməl atəş açmağı bacaran Rəhim Tarverdiyevin hədəfindən yayınmaq mümkün olmayıb. Qatıldığı döyüşlərdə yüksək peşəkarlıq göstərən, yaralı səngər yoldaşlarını öz çiynində poliqondan çıxaran Rəhim Tarverdiyev göstərdiyi şücaətlərə görə bir sıra təltiflər qazanıb. Müharibə başa çatandan sonra öz elinə qayıdan Rəhim Taverdiyev gənc nəslin milli-vətənpərvər ruhda böyüməsi üçün öz bilik və bacarığından istifadə etmişdir. Bu gün Rəhim Tarverdiyevin nəvə və nəticələri də müstəqil Azərbaycan dövlətinin inkişafı, qüdrətlənməsi yolunda öz əllərindən gələni əsirgəmir.

Qeyd edək ki, Rəhim Tarverdiyev mərhum xeyriyyəçi, sahibkar Sabir Tarverdiyevin atasıdır.

Ədil Ədilzadə