Qərbdə “erməni terrorizmi” termininin ilk rəsmi müəllifi ABŞ-dir

İyulun 25-də Rusiya Federasiyasının təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın nümayiş etdirdiyi cəfəng ritorika növbəti dəfə təsdiq etdi ki, Ermənistan hökuməti ənənəvi imitasiya siyasətindən, həqiqətləri təhrif etmək vərdişindən əl çəkmək istəmir. A.Mirzoyanın telekameralar qarşısında səsləndirdiyi fikirlər iki məqsədə xidmət edirdi. Birincisi, ənənəvi olaraq ermənilərin “məzlum”, “əzilən”, “təqib olunan” millət obrazına “töhfə” vermək. İkincisi, Qarabağdakı erməni azlığının guya Azərbaycanın təqsiri üzündən humanitar fəlakətlə üzləşdiyini iddia edərək Laçın sərhəd-keçid məntəqəsinin qaldırılmasına nail olmaq. Bu, tipik erməni riyakarlığının artıq diplomatik müstəvidə nümayişi demək idi.

Son vaxtlar Ermənistanın havadarlarından və erməni təəssübkeşlərindən eşidirik ki, istər rəsmi səviyyədə, istərsə də ictimai müzakirə platformalarında ritorika yumşaldılmalı, kəskin ifadələrə yol verilməməlidir. Vasitəçilik iddiasında olan bəzi dairələrdən də oxşar çağırışlar gəlməkdədir. Təəssüf ki, bu çağırışı edənlər nədənsə nəzərə almırlar ki, Ermənistan nəinki ictimai müstəvidə, həm də rəsmi səviyyədə təxribat xarakterli, qızışdırıcı ritorikaya üstünlük verir. Ararat Mirzoyanın Moskvada ifadə etdiyi “əgər Azərbaycan Dağlıq Qarabağın blokadasını dayandırmasa, bunun danışıqlara mənfi təsiri olacaq” kimi təhdidedici bəyanatı mahiyyət etibarilə siyasi şantajdan başqa bir şey deyildi. Əvvəla, məğlub olmuş, kapitulyasiya aktına imza atmış tərəfin qalib ölkə ilə şərt dilində danışmaq cəhdi sağlam məntiqə sığmır. İkincisi, Mirzoyan böyük və çeşidli yalanlardan istifadə edən yeganə siyasətçi deyil. Onun sələfləri də elə düşünürdülər ki, yalan nə qədər böyük, nə qədər çox və “parlaq” olarsa, həqiqəti onların arasında gizlətmək daha asan olar. A.Mirzoyanın Azərbaycanın Qarabağdakı erməni azlığını guya blokadada saxlaması iddiası böyük yalanlarından yalnız biridir. Bir neçə gün əvvəl yayılan rəsmi məlumatlardan bəlli oldu ki, Laçında sərhəd-keçid məntəqəsi qurulduqdan sonra iki minə yaxın erməni hər iki istiqamətdə maneəsiz hərəkət edib. Baxmayaraq ki, Qarabağda fəaliyyət göstərən qondarma terrorçu rejim hər vəchlə bu prosesə mane olmağa çalışıb. Ararat Mirzoyanın siyasi şantaj xarakterli bəyanatı da elə bu məqsədə xidmət edir. Bir tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan ictimai şəkildə bəyan edir ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86,6 min kv.km-dən ibarət ərazi bütövlüyünü və suverenliyini tanıyır, o biri tərəfdən isə, onun xarici işlər naziri Moskvada qondarma “Dağlıq Qarabağ” ifadəsini işlətməklə ölkəmizin suverenliyini şübhə altına alır. Axı, Ermənistan hökuməti çox yaxşı bilir ki, fərqli platformalarda aparılan danışıqlarda vasitəçilər ərazi bütövlüyü və suverenlik prinsipinə hörmət göstərərək bu termindən imtina edib. A.Mirzoyan öz hökumətinin təmsilçisi kimi sülh danışıqlarının müsbət nəticələrində, həqiqətən, maraqlı olsaydı, bu reallığı nəzərə almalı, siyasi təxribat xarakterli ritorikadan yayınmalı idi. Sülh yalnız o zaman dayanıqlı olur ki, o, beynəlxalq hüquq normalarına, ədalətə və həqiqətə söykənir. Erməni nazir davamlı sülhdə maraqlı olsaydı, heç olmazsa həqiqətlərdən birini etiraf edərdi. Etiraf edərdi ki, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna məhz erməni separatçıları beton plitələr döşəməklə həmin yolu bağlayıblar və humanitar yüklərin daşınmasına imkan vermirlər. Başqa sözlə, mülki erməni əhalisini blokadaya alaraq, onları kommunikasiya, alış-veriş imkanlarından məhrum ediblər. Ermənistanın və ona havadarlıq edən dairələrin guya Qarabağdakı ermənilərin blokadaya alınması ilə bağlı yalan təbliğatına ən tutarlı cavabı elə bu günlərdə Prezident İlham Əliyev birinci Şuşa Qlobal Media Forumunda verdi: “Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar... Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır?”

Ermənistan xarici işlər nazirinin Moskva görüşündə istifadə etdiyi təhdid dolu, öz adı ilə desək, siyasi şantaj xarakterli ritorikası göstərdi ki, Ermənistan hökumətinin məqsədi nəyin bahasına olursa-olsun danışıqlar prosesini uzatmaqdan, eyni zamanda, beynəlxalq auditoriyanın həssaslıqla qarşıladığı uydurma “humanitar fəlakət” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq qismində istifadə etməkdən ibarətdir. Bir daha əmin oluruq ki, siyasi riyakarlıq və ənənəvi imitasiya oyunları Ermənistanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu, Nikol Paşinyandan da əvvəl belə olub, indi də belədir.

Ermənistanın havadarları nə qədər ört-basdır etməyə çalışsalar da, dünyada bir çoxları artıq yaxşı bilir ki, terrorçuluq erməni millətçiliyinin tanıtım rəmzidir. Ən acınacaqlısı odur ki, terror təkcə “daşnaksutyun” üzvlərinin və “ASALA” terror təşkilatının seçimi deyil. Terror və terrorçular artıq uzun illərdir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində təbliğ olunur. Türklərə nifrətin rəmzinə çevrilən Soqomon Teyliryana, faşist ideologiyasının qatı daşıyıcısı Qaregin Njdeyə Ermənistanda ucaldılan heykəllər elə bu siyasətin nəticəsidir. Bu yaxınlarda İrəvanda “Nemezis” terror əməliyyatının “qəhrəmanlarına” abidənin ucaldılması həm də onun göstəricisidir ki, bəzilərinin dünyaya “demokrat təfəkkürlü” zümrə kimi sırımaq istədikləri indiki Ermənistan hökuməti özünü nə qədər insan hüquq və azadlıqlarının müdafiəçisi, “sülh göyərçini” kimi göstərməyə çalışsa da, əslində, bu, saxta görüntüdən başqa bir şey deyil. Ermənistan dövləti həmin “sülh göyərçininin” qanadlarını ənənəvi siyasəti ilə çoxdan sındırıb.

O da unudulmamalıdır ki, “erməni terrorizmi” termini ilk dəfə ABŞ-də 1982-ci ilin avqustunda nəşr olunmuş ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə olunub. Bu səbəbdən narahatlıq doğuran məqamlardan biri də onunla bağlıdır ki, adətən, Ermənistan rəsmilərinin siyasi şantaj xarakterli bəyanatları real təxribatların və terror hadisələrinin anonsu rolunda çıxış edir. Ermənistan xarici işlər nazirinin Moskvada istifadə etdiyi eyni mahiyyətli ritorika həm də buna görə narahatlıq doğurur və doğurmalıdır. Xüsusilə nəzərə alsaq ki, erməni nazirinin həqiqətləri təhrif edən qızışdırıcı və təhdid dolu ritorikası iyulun 25-nə təsadüf etdi, bu cür narahatlığı gözardı etmək sadəlövhlük olardı. Çünki hər il bu tarixdən iki gün sonra-iyulun 27-də Ermənistan ictimaiyyəti “Lissabon 5” adı altında anım mərasimləri keçirir. Bu tədbir dünya erməniliyi, əsasən də ABŞ, Fransa və Livan erməniləri tərəfindən “təmtəraqla” qeyd olunur. Dünyada terrorçuluğun təbliği və təşviqinə xidmət edən bu mərasimlər zamanı erməni kilsəsinin nümayəndələri guya “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış, azadlıq uğrunda canlarından keçmiş qəhrəmanlarının”, əslində isə erməni terrorçularının şərəfinə rekviyemlər həsr edirlər. “Lissabon 5” adı altında keçirilən bu cür tədbirlərin həqiqi məğzi isə ondan ibarətdir ki, 1983-cü il iyulun 27-də beş ermənidən ibarət terrorçu qrup Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq Müvəqqəti İşlər Vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı övladı Atasayı girov götürüblər. O zaman Portuqaliya hökumətinin gördüyü bütün tədbirlərə baxmayaraq, terrorçular qardaş Türkiyə diplomatının xanımını və bir nəfər yerli polisi qətlə yetirərək özləri ilə bərabər binanı partladıblar. Erməni terrorçularının bu mənfur cinayəti o vaxt dünyada elə böyük hiddət doğurmuşdu ki, ABŞ-nin ozamankı Prezidenti Ronald Reyqan belə bir bəyanat vermişdi: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq”. Təəssüf ki, bu bəyanatın üstündən 40 il keçdikdən sonra Ermənistanın paytaxtında, bəzilərinin “demokrat” damğası vurduqları N.Paşinyanın rəhbərlik etdiyi ölkədə terrorçuların xatirəsinə “Nemezis” abidəsi ucaldıldı. Ermənilərin Lissabon terrorundan az sonra ABŞ Milli Təhlükəsizlik Şurasının təşəbbüsü ilə 138 nömrəli Milli Təhlükəsizlik Qərarları Direktivi qəbul edildi. Bu sənəd dünya miqyasında terrorçuların neytirallaşdırılmasını və Amerikanın özünü terrorçulardan qorumaq hüququnu təsbit edir.    

Bu qanlı cinayəti təkcə Ararat Mirzoyanın Moskvada sərgilədiyi siyasi şantaj və təhdid dolu ritorikasına görə yada salmadım. Bu gün Xankəndidə yuva quran qondarma separatçı rejim Ararat Mirzoyanın ritorikasını nöqtə-vergülünə qədər təkrarlayaraq, ölkəmizə qarşı təhdidedici bəyanatlar verir. Amma uydurma “humanitar fəlakətə” etiraz adı altında oturaq aksiya keçirən Araik Arutünyan və onun kimi fırıldaqçıların dilmancları, məktublarını daşıyanlar bilməlidirlər ki, dünya demokratiyasının beşiyi sayılan ABŞ-də olduğu kimi, Azərbaycanın da özünü terrorçulardan və terror təhlükəsindən qorumaq hüququ var. Bu isə o deməkdir ki, müvəqqəti oturaq aksiyası əbədi olaraq uzanıqlı sakitləşmə ilə nəticələnə bilər. Onu da bilmək olmaz ki, Qarabağdakı dinc erməni əhalisinə hüzur içində yaşamağa imkan verməyən, onları blokadada saxlayan terrorçu-separatçı rejim üzvlərinin olmayan şərəfinə heykəl ucaltmağa haradasa yer tapılacaq, ya yox? Ölkəmizin beynəlxalq hüquqa söykənən çoxsaylı xəbərdarlığından nəticə çıxarmayanlar, dinc ermənilərin nəticə çıxarmasına imkan verməyənlər onu da bilməlidir ki, Azərbaycanın səbri hüdudsuz deyil. 

Ülvi Quliyev

Milli Məclisin deputatı