Mahir Süleymanlı
Milli Məclisin deputatı
Qərbi Azərbaycan torpaqları əsrlər boyu azərbaycanlıların ata-baba yurdu kimi zəngin mədəniyyətə və tarixi irsə malik olmuşdur. Ancaq XX əsrin tarixi hadisələri nəticəsində azərbaycanlılar bu ərazilərdən zorla deportasiya edilmişdir. Bu deportasiyalar insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycanın tarixi-mədəni irsinin silinməsi cəhdləri ilə müşayiət olunmuşdur. Qərbi Azərbaycana qayıdış, Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Prezident İlham Əliyevin paytaxt Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarıldığı vurğulanmışdır. Dövlətimizin başçısı 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlının dədə-baba yurdunu tərk edərək Azərbaycana sığındığını qeyd etmişdir.
Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Qərbi Azərbaycana qayıdış qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsini təmin etmək məqsədini daşıyır. Ermənistanın Avropa Şurasına üzvlük zamanı götürdüyü öhdəliklərdən biri də məhz qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtması idi. Ancaq bu öhdəliklər indiyədək icra olunmamışdır.
Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsi bir sıra çətinliklərlə müşayiət olunur. Ermənistan monoetnik dövlət kimi fəaliyyət göstərərək azərbaycanlıların qayıdışına kəskin şəkildə qarşı çıxır. Bu, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirilir. Azərbaycanın Qərbi Azərbaycana qayıdış tələbi, bu etnik təmizləmə prosesinin ədalətli şəkildə aradan qaldırılmasına yönəlmişdir.
Ermənistanın Azərbaycanın ərazilərində həyata keçirdiyi etnik təmizləmə, mülki əhaliyə qarşı zorakılıq və mədəni irsin dağıdılması kimi cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalar verilmir. Bəzi beynəlxalq təşkilatlar və dövlətlər bu cür pozuntulara göz yumaraq, Ermənistana qarşı heç bir ciddi tədbir və ya sanksiya tətbiq etmir. Bu vəziyyət, beynəlxalq hüququn və ədalətin bərpasının təmin edilməsində boşluqları ortaya çıxarır və hüquq pozuntularının cəzalandırılmadan qalmasına gətirib çıxarır. Ermənistanın bu növ hərəkətləri, eyni zamanda regionda sülh və sabitliyin bərqərar olmasına maneə törədir və bu vəziyyətin aradan qaldırılması üçün Azərbaycan beynəlxalq təşkilatların daha ciddi və fəal mövqe tutmasını tələb edir.
Qərbi Azərbaycana qayıdışla bağlı dövlətimiz tərəfindən bir sıra strateji addımlar həyata keçirilir. Beynəlxalq ictimaiyyət Qərbi azərbaycanlıların hüquqları haqqında məlumatlandırılır. Tarixi faktlara, qanuni əsaslara və insan hüquqları məsələlərinə dair ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan beynəlxalq platformalarda Ermənistanın etnik təmizləmə siyasətini ifşa edərək bu dövlətə qarşı konkret tədbirlərin görülməsini tələb edir.
2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcmasının əsas məqsəd və vəzifələri arasında Qərbi Azərbaycan torpaqlarına qayıdışın təmin edilməsi, deportasiya edilən soydaşlarımızın hüquqlarının müdafiəsi və tarixi-mədəni irsinin qorunması yer alır. İcma, bu məqsədlərə çatmaq üçün müvafiq hüquqi sənədlərin hazırlanmasında fəal iştirak edir. Həmçinin, Qərbi Azərbaycan torpaqlarında azərbaycanlılara aid olan mədəni abidələrin bərpası üçün tədbirlər həyata keçirir və bu irsin dünya miqyasında tanıdılması üçün təşəbbüslər göstərir.
Qərbi Azərbaycana qayıdış yalnız tarixi ədalətin bərpası deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses uzunmüddətli səbr, strategiya və beynəlxalq dəstək tələb edir. Azərbaycan xalqının tarixi iradəsi və dövlət siyasətinin qətiyyəti ilə bu məqsədə nail olunacağına inam böyükdür. Qərbi Azərbaycan torpaqları azərbaycanlıların haqqıdır və bu haqq bərpa edilməlidir.