Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tarix Qurumu İB-i “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” layihəsi çərçivəsində Ağcabədi və Bərdə rayonlarında məskunlaşan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüş keçirib. Görüşə həmin rayonlarda məskunlaşmış Qərbi Azərbaycandan olan soydaşlarımız, ictimaiyyət nümayəndələri, şəhid ailələri, rayon rəhbərliyi və ziyalıları qatılmışlar. “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilən silsilə tədbir avqust ayının 1-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində, avqustun 2-də isə Bərdə rayonunda baş tutmuşdur. Tədbirdə Azərbaycan Tarix Qurumunun rəhbəri, professor, əməkdar elm xadimi Tofiq Mustafazadə Böyük Qayıdışın tərkib hissəsi kimi Qərbi Azərbaycana Qayıdışın mahiyyətini geniş təhlil edərək, xalqımızın tarixi torpaqlarına qayıtmaq haqqını tarixi faktların dili ilə şərh etdi. Müxtəlif zamanlarda saxta tarixi faktlara edilən istinadlarda erməni riyakarlığının rolunu və həqiqi tarixi faktları iştirakçıların diqqətinə çatdırdı.
Çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov tədbirin adının seçilməsinin təsadüfi olmadığını və siyasi cəhətdən Qərbi Azərbaycana Qayıdış konsepsiyasının Azərbaycan dövlətçiliyinin strateji xəttində çox mühüm əhəmiyyətindən danışdı. Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrdə Prezident İlham Əliyevin düşünülmüş və müdrik siyasətinə Qərbi Azərbaycandan olan hər bir vətəndaşımızın və ziyalıların dəstəyinin zəruri olduğunu diqqətə çatdırdı.
Layihənin eksperti f.ü.f.d., dosent Hüseyn İbrahimov çıxış edərək regionda Azərbaycanın iradəsi ilə bərpa olunmuş reallıqların ədalətə, sülhə yol açdığını diqqətə çatdırdı. Qərbi Azərbaycanlıların tarixi torpaqlara qayıtmaq hüquqlarının olduğuna dair təhlil apardı. Layihənin digər eksperti tarix üzrə fəlsəfə doktoru, dosent Mahir İbrahimov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq gənc nəslin milli-ideoloji təfəkküründə Qayıdış anlayışının mahiyyətinin formalaşdırılması istiqamətində aparılan işlərdən və gələcək planlara dair dövlətimizin siyasi xəttindən danışdı.
Silsilə tədbirlər iştirakçılarla fikir mübadiləsi, sualların cavablandırılması ilə yekunlaşdı. Tədbir iştirakçıları Qərbi Azərbaycana Qayıdışın həyata keçirilməsində hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcəklərini və tezliklə hər kəsin öz doğma el-obasına qayıtmaq arzusunu bəyan etdilər.
Sonda xatirə şəkili çəkildi. Şəhidlərin ruhuna dualar oxundu.