Qərbi azərbaycanlılara verilən əminlik

Prezident İlham Əliyevin yürütdüyü çevik xarici siyasət Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb

İrəvanın tarixi, Azərbaycanın tarixidir. Qarabağın tarixi Azəraycan üçün nədirsə, İrəvanın, Qərbi Azərbaycanın da tarixi o cür əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Şanlı Zəfər qazanıb Qarabağ məsələsini həll edərək ərazi bütövlüyünü tam təmin etmiş oldu. Qarşıda Azərbaycan dövlətini geosiyasi faktora çevirəcək növbəti tarixi mərhələ gözləyir: Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycan qayıdış. Yeni fazanın başlanması artıq geosiyasi zərurətdən irəli gəlir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev çevik xarici siyasət yürdür. Aparılan bu siyasət Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Ötən ilin dekabrında Qərbi azərbaycanlılara görüşdə Prezident İlham Əliyev onlara yenə əminlik verdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi və Müzəffər Ordumuzun bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirilməsi Ermənistana növbəti zərbə oldu. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Bu o deməkdir ki, Azərbaycan bölgədə qanun çərçivəsində istəyinə nail ola bilir. Buna görə də Qərbi Azərbaycanla da bağlı istəklərimizin gerçəkləşməsi labüddür. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və sentyabrın 19-da bəyanat yayaraq beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirib. “Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, – deyə İcmanın bəyanatında vurğulanıb.

Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqlar. O günü gözləyənlərdən biri də İradə Rizazadədir. O, 35 ildir ki, doğma yurdu İrəvana həsrətdir. Ev-eşiyi, doğmalarının məzarları Ermənistanda qalıb. O yerlərin köklü sakini olduğunu sübut edən pasportunu hələ də saxlayan İradə xanım tezliklə doğma yurduna qayıdacağına əmindir. “Türksüz Ermənistan” siyasətinin qurbanlarından biri olan filoloq İradə Rizazadə İrəvanda azərbaycanlıların evlərinin necə əllərindən alındığının və tarixi abidələrin məhvinin canlı şahididir. İradə Rizazadə KİV-ə bildirib ki, ermənilər tarix boyu, zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törədib, dini abidələrini, toponimlərini dağıdıb: “Təbii ki, belə şovinist hadisələr İrəvanda daha çox və vəhşicəsinə baş verib”. O, yaşadığı şəhərlə bağlı düşüncələrini, eləcə də çalışdığı dövrdə üzləşdiyi erməni məkrliyi, düşmənçiliyindən danışıb, doğma yurda qayıdacağına, orada azərbaycanlılar mühitinin yenidən yaranacağına əminliyini ifadə edib. Bu gün İradə Rizazadə İrəvan sakini Ermənistandan muxtariyyat tələb edir.

İradə Rizazadə İravanda təhsil alıb və daha sonra İrəvanda yerləşən Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda öz tələbələrinə dərs deyib. İradə Rizazadə mediaya müsahibəsində bildirib ki, erməni şovinist qüvvələri İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texikumunun fəaliyyətini əngəlləmək üçün müxtəlif vasitələrə əl atırdılar: “Texnikumu mərkəzdən uzaqlaşdırıb daha ucqar bir bölgəyə köçürmək istəyirdilər. Amma azərbaycanlı ziyalıların iradəsi sayəsində İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu 1983-84-cü tədris ilində Zəngibasar rayonunun Dəmirçi kəndinə köçürüldü. Elə həmin ildən texnikumun adı dəyişdirilərək Dəmirçi Sovxoz Texnikumu adlandırıldı. 1988-ci ilə qədər fəaliyyət göstərmiş bu tədris ocağına müxtəlif vaxtlarda Əli Yüzbaşıyev, Əsgər Kəngərlinski, Həbib Məhəmmədzadə, Xəlil Səfərov, İsmayıl Şükürzadə, Məmməd Fərəcov, Rza Həsənov, Abbas Sadıqov, Sabir Əsədov, Cəfər Elyasov, Abbas Mustafayev, Səfər Səfərov və Nüsrət Sadıqov rəhbərlik etmişdir. Bu il yaranmasının 95 ili tamam olan İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun da Azərbaycan təhsil tarixində özünəməxsus yeri və rolu vardır”.

İrəvan qədim Azərbaycan torpağıdır. Bu torpaqların azərbaycanlı sakinləri İrəvan sevgisini hər zaman yaşadırlar. Buna görə də Qərbi azərbaycanlılar mütləq xalqımıza mənsub olanı geri alacaq.

 

Fuad Hüseynzadə

Yazı “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” layihəsi çərçivəsində hazırlanıb.