Beynəlxalq hüququn dövlətlərin daxili işlərinə müdaxiləni qadağan edən prinsiplərinə baxmayaraq, Qərb uzun müddətdir "demokratiya" və "insan haqları" adı altında bəzi ölkələrin daxili işlərinə açıq şəkildə təsir göstərir. İşğalın və təcavüzün yeni üsulları kimi tətbiq edilən bu yanaşmalar, adətən, seçki dövrlərində, xüsusən də parlament seçkiləri zamanı daha da güclənir. ABŞ və digər qlobal aktorlar həssas siyasi vəziyyətlərdən istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışırlar.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli söyləyib.
Onun sözlərinə görə, Gürcüstanda “məxməri” inqilabdan sonra Qərb ölkədə mövqeyini möhkəmləndirib və qeyri-hökumət təşkilatları vasitəsilə həm cəmiyyətə, həm də dövlət idarəetməsinə ciddi təsir imkanları əldə edib. Bu da Qərb dövlətlərinə, xüsusən ABŞ-a, Gürcüstanın daxili məsələlərinə müdaxilə etmək və hökumətin qərar qəbuluna təsir göstərmək imkanı verir.
M.Məmmədli bildirib ki, bir müddət əvvəl Gürcüstan parlamentində qeyri-hökumət təşkilatlarının şəffaflığının artırılmasına dair qanun layihəsi müzakirə olunarkən Qərb öz təsir vasitələrindən istifadə edərək hökuməti çətin vəziyyətə salmışdı. Bu prosesdə birbaşa Qərbdən maliyyələşən minlərlə vətəndaş cəmiyyəti təşkilatı ölkənin milli təhlükəsizliyini təhdid edən böhran vəziyyəti yaratmışdı. Belə ki, onlar meydanlara axışmaqla ölkənin milli təhlükəsizliyini ciddi təhdid edən situasiyaya səbəb olmuşdu.
Deputat vurğulayıb ki, Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma endirmək üçün addımlar atmağa başlayıb və bu səylər müəyyən uğurlara gətirib çıxarıb. Buna baxmayaraq, Qərb Gürcüstanı daha da gərginliyə sürükləmək üçün genişmiqyaslı təzyiq mexanizmlərini işə salır və bəzi beynəlxalq təşkilatları, hətta dövlətləri bu prosesə cəlb edir. Bununla da guya demokratiyanı və insan haqlarını müdafiə etdiyini iddia edən Qərb, əslində, öz maraqlarını ön plana çəkərək, Gürcüstanda siyasi təsirini gücləndirməyə çalışır.
Gürcüstanın bu təzyiqlərə qarşı göstərdiyi müqavimətin ölkənin suverenliyini qorumaq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdıran Müşfiq Məmmədli Azərbaycanın analoji vəziyyətdə uğurlu təcrübəyə sahib olduğunu və Qərbin təsir mexanizmlərinə qarşı mübarizə apararaq rəngli inqilabların qarşısını aldığını misal gətirərək əlavə edib: “Lakin bu nümunənin formalaşması üçün Azərbaycan xalqı ilə hökumət arasında güclü birlik və həmrəylik əsas rol oynayıb. Azərbaycan iqtidarı xalqın haqlı tələblərini dolğun şəkildə əks etdirərək və milli ideyanın həyata keçirilməsində siyasi qüvvələrlə birlikdə hərəkət edərək xalq-iqtidar birliyini yaradıb. Bunun nəticəsində Azərbaycan hakimiyyəti dağıdıcı müxalif qüvvələrin əsl gerçək simasını üzə çıxararaq və Qərbin müxtəlif dairələrinin əlində alət olmasını sübut edərək onların mənfur fəaliyyətinin qarşısını alıb. Bir sözlə Azərbaycan iqtidarı uğurlu dövlət modelini formalaşdırmağı bacarıb. Bu model, ölkənin iqtisadi inkişafı və sosial rifahının yüksəlməsi ilə dəstəklənir. Eyni zamanda, Azərbaycan rəhbərliyi daxili siyasi sabitliyi təmin edərək, müxtəlif sahələrdə sabit və davamlı tərəqqiyə nail olub. Azərbaycan qonşu dövlət kimi Gürcüstandakı prosesləri də diqqətlə izləyir və bu ölkənin suverenliyinin möhkəmlənməsini arzulayır”.
Deputat sonda vurğulayıb ki, ABŞ-ın və Fransanın Gürcüstanı gərginliklərə sürükləyərək bölgədəki maraqlarını təmin etməyə çalışması Qərbin regiondakı siyasətinin əsl məqsədlərini ortaya qoyur.