“C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi milli-mənəvi dəyərlərin inkişafı məqsədi ilə xalqımızın, xüsusilə də gənc nəslin maariflənməsi, Azərbaycanın tanınmış klassik və müasir ədəbiyyat xadimlərinin bədii irsinin öyrənilməsi və təbliğidir.
Layihə 3 ay müddətində, iyul ayının 1-dən sentyabr ayının 30-a kimi Bakı və Xızı şəhərlərində icra olunacaq.
Layihə rəhbəri “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Qəmər Bağırova bu barədə saytımıza məlumat verərək bildirmişdir ki, layihə çərçivəsində milli-mənəvi dəyərlərimizə diqqət və sevginin gücləndirilməsi, mədəniyyətin müxtəlif vacib sahələrinə marağın artırılması, eyni zamanda Azərbaycan ədəbiyyatının yüksək səviyyədə öyrənilməsi, azərbaycançılıq ideyalarının təbliğinin diqqətə alınması, klassik və müasir ədəbiyyat xadimlərinin yaradıcılığının öyrənilməsi baxımından bədii ədəbiyyat nümunələrinin nəşri, maarifçilik ideyalarının inkişaf etdirilməsi nəzərdə tutulub: "Bu baxımdan görkəmli dramaturq C.Cabbarlının doğulduğu Xızı şəhərinə səyahət, ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, gənclərin və məktəblilərin, Xızı ictimaiyyətinin iştirakı ilə Xızıda hər il keçirilən ənənəvi “Cəfər Cabbarlı günü” nün qeyd olunması, dramaturqun orada fəaliyyət göstərən Ev Muzeyinə ekskursiya təşkil edilməsi nəzərdə tutlub. Layihə çərçivəsində eyni zamanda Azərbaycanın tanınmış dramaturqu, yazıçı-publisisti, ictimai xadimi Seyfəddin Dağlının “Gəcil qapısı” kitabı nəşr olunacaq və kitabın ictimaiyyətə təqdimatı keçiriləcəkdir".