Joqorku Keneşin (Qırğızıstan parlamenti) beynəlxalq məsələlər üzrə komitəsi oktyabrın 21-də Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin ratifikasiyası barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Bu barədə Sabahinfo.az Qırğızıstan KİV-inə istinadən xəbər verir.
“Joqorku Keneşin Beynəlxalq məsələlər Komitəsi bu gün “Azərbaycan və Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in ratifikasiyası haqqında qanun layihəsinə baxaraq üçüncü oxunuşda qəbul edib”, - məlumatda qeyd edilib.
İqtisadiyyat nazirinin birinci müavini Sanjar Bolotovun sözlərinə görə, saziş 2024-cü ilin aprelin 24-də Bakıda imzalanıb.
“Saziş Qırğızıstan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi nəzərdən keçirilir. Bununla yanaşı, xarici şirkətlərə ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi yolu ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırılmasına şərait yaradır”, - o bildirib.