"Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diktə edən tərəfdir. Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələrinin təxribatları qəbulolunmazdır. Avqustun 12-də Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində bildirdiyi kimi, «Qisas» əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır."
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Aydın Hüseynov qeyd edib ki, xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir. Dövlət başçısınn qeyd etdiyi kimi, «Qisas» əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.
Deputat diqqətə çatdırıb ki, «Qisas» əməliyyatından dərhal sonra Sarıbaba və Qırxqız dağının, üç gün sonra isə Buxduz dağının və onun ətrafındakı yüksəkliklərdəki mövqelərin ordumuzun nəzarətinə keçməsi qəhrəman Silahlı Qüvvələrimizin növbəti möhtəşəm uğurunun nəticələridir. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar.