Beləliklə, dərslər başladı! Xeyirli-uğurlu olsun. Şagirdlərə yay tətilindən sonra qayıtdıqları məktəb mühitinə rahatlıqla adaptasiya olmağı arzulayırıq.
Xüsusi təbrikimiz "birinci"lərədi. Bu gündən əlinə çantasını alıb birinci sinfə gedən bütün balalarımızı təbrik edirik. İndi onlar bir az həyəcanlı, bir az sevincli, həm də ilk məktəbli formasında şipşirindilər. “Qarşıda görəsən məni nələr gözləyir?"düşüncəsiylə simalarında kiçik bir təşviş.
Əziz valideynlər, sizi də unutmadıq, əslində uşaqlarla birgə sizin də qayğılarınız artır. Sizin də həyəcanınız təsvir ediləndi. Bu məsuliyyətli dönəmdə sizə də uğurlar!
Hələ müəllimləri demirik. Onların qarşısında uşaqlara məktəbi, dərsləri sevdirmək kimi gözəl bir vəzifə durur. İşiniz şərəfli və çətindir. Var olun!
Sizlərə gördüyüm bir mənzərədən söz açacağam. Bu mənzərənin 15 sentyabr – Bilik Günü İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbində şahidi oldum: İbtidai sinif müəlliməsi Leyla müəllimə rəhbəri olduğu sinfinin şagirdlərinin əynindəkilərdən seçilməyən məktəbli formasının eynisini geyinmişdi.
Leyla müəllimənin fikrincə, müəllimin tərbiyəvi fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir: “Buraya ilk növbədə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafı daxildir. Dövlət rəmzlərinin və atributlarının öyrənilməsi tədris etdiyi fənnin növündən asılı olmayaraq hər bir müəllimin borcudur. Bir halda ki, söhbət şəxsiyyət formalaşdırmaqdan gedir, vətənpərvərlik tərbiyəsi öndə durur. Əbədiyaşar, ümummilli liderimiz cənab Heydər Əliyev deyərdi ki, “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, vətən yolunda, şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Ola bilər ki, gənc nəsil əla oxumasın, lakin o, vətənini sevməyi, torpağını qorumağı bilməli, hər an buna hazır olmalıdır, bütövlükdə yaxşı vətəndaş kimi yetişməlidir”.
Leyla müəllimə bu qənaətdədir ki, milli adət və ənənələrimizə hörmət etmək, onu qoruyub saxlamaq, milli musiqimizin, şifahi xalq ədəbiyyatımızın incilərini bilmək, Azərbaycanın görkəmli şəxsiyyətini tanımaq, qədim tarixi abidə və əraziləri öyrənmək ruhunda şagirdləri tərbiyə etmək müəllimin borcudur: “Müəllim öz geyimi, davranışı, nəzakəti, yüksək intellekti ilə şagirdə şəxsi nümunə olmalıdır. Belə olduqda şagird müəlliminə oxşamağa çalışır, müəllimi ideallaşdırır. Müəllim etikası yüksəkdirsə, müəllimdə ətrafdakı əşyalara düzgün qiymət vermək, gözəllikləri görmək qabiliyyəti yüksəkdirsə, bu, mütləq şagirdə təsir edir, onun seçimi, etik və estetik tərbiyəsi inkişaf edir. Məktəbdə keçirilən sinifdənxaric tədbirlər şagirdlərin bu sahədə inkişafına çox təsir göstərir”.
Yeri gəlmişkən qeyd edək ki, bu ərəfələr İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbi də müvəqqəti olaraq təmirə bağlandığından Aranlıdan olan şagirdlər Qızılkənd məktəbinə gəlirlər. Dövlət məxsusi olaraq onların aparılıb-gəıtilməsi üçün avtobus ayırıb.
Habil Hüseynov adına Qızılkənd kənd tam orta məktəbi 624 şagird yerlikdir. Məktəb ildən - ilə uğurlarını artırır. Pedaqoji kollektiv və şagird kontingenti rayon və respublika miqyaslı yarış və müsabiqələrdə fəal iştirak edir, yaddaqalan nəticələrə imza atırlar. Məktəbin məzunları sırasından hər il yüksək nəticələr göstərərək, ölkənin müxtəlif ali təhsil ocaqlarına daxil olanların sayı artır. Məktəbin nailiyyətlərinin əldə edilməsində əlbəttə ki, kollektivə rəhbərlik edən İbrahimov Qismət müəllimin xidmətləri ölçüyəgəlməzdir. Ciddi səliqə-sahman, nizam-intizam, davamiyyət ilk növbədə müşahidəçinin diqqətini cəlb edir. Ona görə ki, direktor həmişə iş başındadır.
Məktəbdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda tədbirlər keçirilir. Qismət İbrahimov bu fikirdədir ki, problemin qarşısının alınmasında maarifləndirmə işinin rolu böyükdür. Deyir ki, böyüməkdə olan gənc nəsil iradəli və möhkəm olmalıdır. Bu gün hər bir Azərbaycan məktəblisi və gənci pis vərdişlərə meyil göstərməməlidir. Onlar yüksək səviyyədə tərbiyə olunmalı və savadlı yetişməlidirlər. Hər birimiz unutmamalıyıq ki, vətənimizin olduqca hiyləgər düşmənləri var.
Direktor Qismət İbrahimov öz fəaliyyətini, Azərbaycan Respublikasının təhsil sahəsindəki dövlət siyasəti, dövlət proqramı əsasında həyata keçirir. O, öz işinin təşkilində dövlət proqramından irəli gələn prinsipləri əsas götürür. Məktəbdə standartlar hazırlanarkən və bu standartların həyata keçirilmə prosesində dövlət proqramından irəli gələn prinsiplər daim nəzərdə saxlanılır. Qismət müəllim yetərincə təcrübəyə malik olmasına baxayaraq, vaxtaşırı təhsil sahəsinə aid hüquqi və normativ sənədlərdə aparılan dəyişiklikləri öyrənir və öz işlərini bu prinsiplərə uygun təşkil edir. Rəhbərlik etdiyi kollektivi ölkəmizdə gedən təhsil islahatları prosesi ilə yaxından tanış edir, təhsil islahatlarının mahiyyətlərini açıqlayır, müəllimləri köhnə metod və ənənələrdən əl çəkməyə sövq edir, onları yeni düşüncə tərzinə alışdırır, bir sözlə kollektivdə yenilik ab-havası yaratmaga nail olur. Bu məqsədlə məktəbin fəal və bu işə yaxından bələd olan təcrübəli müəllimlərinin köməyi ilə məktəbdaxili treninqlər, kurslar təşkil edir. Odur ki, kollektivin üzvlərinin hamısı yeni təlim üsullarına yaxından bələddir. Qismət müəllimə və onun rəhbərlik kollektivə, şagird kontingentinə yeni dərs ilində uğurlar arzulayırıq.
Elnarə Həziyeva