Prezident İlham Əliyev təməlini qoyduğu ənənəyə uyğun olaraq yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verdi. Prezidentin bu müsahibəsi də cəmiyyətimizlə yanaşı, beynəlxalq birliyə mühüm mesajlarla zəngindir. Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi və əsas söz sahibi olan Azərbaycan Lideri tərəfindən verilən mesajlar yenidən dünya mediasının diqqət mərkəzindədir.
Yerləşdiyi coğrafiyadan, beynəlxalq münasibətlər sistemində tutduğu yerdən asılı olmayaraq, istənilən dövlətin xarici siyasət sahəsindəki uğurları onun daxili siyasətinin davamı hesab olunur. Əlbəttə ki, söhbət gerçək mənada müstəqil siyasət yürüdən ölkələrdən gedir. O da həqiqətdir ki, böyük güclərin əlində alətə çevrilməyən Azərbaycan kimi ölkələrin sayı elə də çox deyil. Dövlətimizin başçısı daxili siyasətdən danışarkən, ilk növbədə, diqqəti ona çəkdi ki, ötən illər ərzində qeyri-neft sektorunun inkişafı prioritet təşkil edib. Məhz bu cür məqsədyönlü siyasət sayəsində keçən il həmin sahə üzrə artım tempi 6 faizi, qeyri-neft sənaye sektorunda isə 7 faizi üstələyib. 2024-cü ildə bir çox sosial proqramların icra edilməsinə, Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına, büdcə xərclərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, uğurlu optimallaşma siyasəti nəticəsində valyuta ehtiyatlarımız 5 milyard ABŞ dollarından da çox artaraq 72 milyard dollar səviyyəsinə yüksəlib. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir. Halbuki ən inkişaf etmiş ölkələrin əksəriyyətində bu göstərici 100 faizdən də çoxdur. Azərbaycan nadir ölkələrdəndir ki, valyuta ehtiyyatları xarici borcunu 14 dəfə üstələyir. Bu, sözün həqiqi mənasında, iqtisadi müstəqilliyini təmin edə bilmiş çox az sayda ölkənin öyünə biləcəyi nailiyyətdir. İnkarolunmaz həqiqətlərdən biri də budur ki, iqtisadi dayanıqlığını təmin etməyən dövlətlərin müstəqil xarici siyasət yürüdə bilməsi də çox şübhəlidir. Prezident İlham Əliyevin növbəti fikirləri həm də bu mənada çox önəmlidir: ”Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən”.
Müsahibədə səsləndirilən mesajların beynəlxalq medianın diqqətini xüsusi cəlb etməsi səbəbsiz deyil. Qlobal qarşıdurmanın artıq pik həddə çatdığını və bəşəriyyətin növbəti dünya müharibəsinə sürükləndiyini, üstəlik, Cənubi Qafqazı hələ də bu qarşıdurmanın açıq toqquşma məkanına çevirmək arzusunda olanların varlığını nəzərə alsaq, yerləşdiyimiz regionda yeni geosiyasi reallığın müəllifi- Azərbaycan Prezidenti tərəfindən verilən mesajların nüfuzlu beyin mərkəzlərinin diqqətini dərhal cəlb etməsi olduqca təbiidir. O da həqiqətdir ki, dünya nizamının əsas müəlliflərindən biri olan ABŞ-də gözlənilən administrasiya dəyişikliyi Cənubi Qafqazın aparıcı dövlət Liderindən gələn ismarıclara beynəlxalq həssaslığı daha da artırır. Bu reallığın özü də səbəbsiz deyil. Çünki Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam mənada bərpa etməklə son dörd ildə elə yeni reallıq yaradıb ki, onun miqyası regional sərhədlərdən əhəmiyyətli dərəcədə kənara çıxır və geosiyasi proseslərə təsirsiz ötüşmür. Elə buna görə də Prezident İlham Əliyev ötən il fevralın 14-də andiçmə mərasimində ifadə etdiyi tarixi həqiqəti müsahibədə bir daha yada saldı: “Mən bir dəfə demişdim ki, biz yetərincə böyük sal daşı tərpətmişik, hətta bizə görünə biləcəyindən də daha çox böyük həcmli olanını. İndiki vəziyyətdə bu, bir çox avropalının, -həm də təkcə onların deyil, -iradəsinə zidd həll olunan sırf lokal münaqişə deyil. Onlar bizi asılı vəziyyətdə saxlamaq, buraya gəlmək, bizə mühazirə oxumaq, prosesdə iştirak etmək, gedib-gəlmək, monitorinq aparmaq istəyirdilər. Biz onları bütün bunlardan məhrum etdik”.
Prezident bu açıqlaması ilə, əslində, beynəlxalq media resurslarında ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, eləcə də Avropa Parlamenti və AŞPA kimi təşkilatların qərəzli mövqeyinin əsl səbəbinə bir daha aydınlıq gətirdi. Cəmiyyətimizdə artıq heç kim üçün sirr deyil ki, tarixi ədalətə və beynəlxalq hüquqa söykənərək əldə etdiyimiz tarixi Zəfər indinin özündə də həmin dairələri rahat buraxmır, sanki onların başqa problemi yoxdur. Əgər belə olmasaydı, 44 günlük Vətən müharibəsinin gedişatında “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” deyən Fransa prezidenti Makron bir neçə gün əvvəl yenidən ədalət anlayışına və beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik göstərərək, guya “Rusiyanın Dağlıq Qarabağda Azərbaycanı dəstəklədiyini” iddia etməz və riyakarcasına bundan şikayətlənməzdi. Əgər Avropanın aparıcı lideri adına iddia edən bir siyasətçi ədalət anlayışını və beynəlxalq hüququ belə asanlıqla tapdalayırsa, növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın yurisdiksiyasını yenidən şübhə altına almağa cəhd edirsə, beləsindən qərəz və küdurətdən, cəfəng bəyanatlardan savayı nə gözləmək olar?! Tarixi ədaləti siyasi riyakarlıqla görməzdən gələn, onu hər vəchlə işğalçı Ermənistanın xeyrinə dəyişməyə çalışan siyasətçinin Avropanın “aparıcı lideri”, “sülh göyərçini”, “tərəfsiz vasitəçi” və ya “demokratiya carçısı” adına iddia etməsi, həqiqətən, çox gülüncdür. Prezident Makron bu boyda qərəz və küdurətdən sonra hələ bir şikayət edir ki, on milyonluq Azərbaycan onun daxili işlərinə qarışacaq qədər gücə sahibdir. Bu şikayəti edən o şəxsdir ki, COP29 ərəfəsində bəzi həmkarlarını Bakı səfərindən çəkindirməyə, BMT-nin ən mötəbər tədbirlərindən birini “boykot” etməyə çağırırdı. Amma bütün bu cəhdlərə baxmayaraq, məhz Bakıda Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi, inkişaf etməkdə olan ölkələrə yardım vəsaitinin həcmi üç dəfə artırılaraq 300 milyard ABŞ dollarına çatdırıldı və Bakı COP-u iqlim diplomatiyasının tarixində yeni səhifə açdı.
Prezident İlham Əliyev müsahibədə ölkəmizə qarşı qarayaxma kampaniyasını aparan ölkə və təşkilatlarla yanaşı, onların maşasına çevrilən Ermənistana da sərt mesaj verdi: “Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”. Dövlətimizin başçısı onu da xatırlatdı ki, Ermənistanın ilk prezidenti L.Ter-Petrosyanın elə bu günlərdə ictimailəşdirilmiş etirafları irqçi və faşist ideologiyasından heç nə ilə fərqlənmir. Onun iyrənc açıqlamaları bir daha sübut edir ki, azərbaycanlıların məruz qaldığı etnik təmizləmə Ermənistanın dövlət səviyyəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir. Dünya ictimaiyyətinə “sülh göyərçini” kimi sırınan Ermənistanın hazırkı baş naziri N.Paşinyan bu etiraflarla yanaşı, özünün 2019-cu ildə verdiyi, faktiki Azərbaycan torpaqlarının işğalına bəraət qazandıran sərsəm bəyanatlarını da unutmamalıdır. Çünki cəmiyyətimiz nə bu bəyanatları, nə Xocalı soyqırımını, nə həmin cinayətdə əli olan Ermənistanın ilk üç prezidentinin əməllərini, nə də milyona yaxın azərbaycanlının qaçqın və köçkün vəziyyətində çəkməyə məhkum edildiyi iztirablı illəri unutmayıb və heç vaxt unutmayacaq.
Ona görə də hamiləri tərəfindən Ermənistana hədiyyə olunan və ya kredit sazişi adı altında alqı-satqı görüntüsü verilən, yaxud Avropa İttifaqının Sülh fondu xətti ilə “bağışlanan” hərbi texnika və hücum silahları Ermənistan rəhbərliyini, oradakı revanşist kəsimi xam xəyallara şirnikləndirməməlidir. Azərbaycan Prezidenti müsahibədə Ermənistan hökumətinə bir daha xəbərdarlıq edərək konkret şərtlərini də açıqladı: Minsk qrupundan qarşılıqlı şəkildə imtina olunmalı, Ermənistanın konstitusiyası dəyişdirilməli, bağlanmış hərbi sazişlər ləğv edilməli, alınan silahlar isə geri qaytarılmalıdır. Ən başlıcası, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların tarixi dədə-baba torpaqlarına-Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura dinc qayıdışı təmin olunmalıdır. Bu xəbərdarlıqdan sonra heç kimdə şübhə olmasın ki, Azərbaycan Prezidentinin növbəti bəyanatının icrasından da qaçmaq mümkün olmayacaq: “Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Dövlətimizin başçısı Ermənistan hökumətinə onu da xatırlatdı ki, dünya sürətlə dəyişir və bu dəyişiklik heç də Ermənistanın xeyrinə deyil. Kanadada qəfil hökumət dəyişikliyi, Suriyada Əsəd rejiminin bədnam çöküşü həm də o deməkdir ki, Ermənistanın özünə müttəfiq saydığı ölkə rəhbərlərinin sırası getdikcə seyrəlir və bu proses böyük ehtimalla davam edəcək. Heç şübhəsiz, qonşularımız da bunu görür və artıq bilirlər ki, Azərbaycanın təbii və strateji müttəfiqi olan qardaş Türkiyənin bu prosesdə rolu və iştirakı müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, ötən il dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi Azərbaycanın artmaqda olan siyasi çəkisinə və etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq ehtiramın təzahürüdür. Bu, ölkəmizin və şəxsən Prezident İlham Əliyevin növbəti böyük uğuru olmaqla yanaşı, həm də Ermənistanı kənardan idarə edən bədxahlarımızın çirkin oyunlarına və məkrli planlarına ən tutarlı cavabdır. O da şübhəsizdir ki, Azərbaycan Prezidentinin növbəti mesajından da həm Ermənistan hökuməti, həm də onun havadarları mütləq nəticə çıxarmalı olacaq: “Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq... Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir...”
Ülvi Quliyev
Milli Məclisin deputatı