1993-cü ildə xalqımız qurtuluş yolunu Ulu Öndər Heydər Əliyevin simasında görürdü
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox əziz gündür. Bu gün həm də Azərbaycan xalqı və Azərbaycan Respublikas üçün ölüm-dirim mübarizəsinin tarixidir. Vətənini, xalqını sevənlər üçün 15 iyun əsl qurtuluş tarixidir. 15 İyun-Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi. Ümummilli Lider Heydər Əliyev həmin günləri belə xatırlayırdı: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Tarixdən mlumdur ki, 1988-ci ildən başlayaraq Azərbaycanda ictimai-siyasi, hərbi böhran dərinləşməkdə idi. 1993-cü ilin yayında bu böhran özünün son həddinə çatmışdır. Azərbaycan Respublikası iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdır. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin Azərbaycanda nüfuzunun gündən-günə artmasından, onun ölkəmizdə hakimiyyətə gəlmək ehtimalından təkcə xaricdəki qüvvələr deyil, həm də daxildə də narahat olanlar var idi. Hətta onların Naxçıvanda dövlət çevirilişi cəhdlərini bununla izah edənlər də var. AXC – Müsavat hakimiyyəti Heydər Əliyevin nüfuzunun artmasından qorxurdu. Belə bir vəziyyətdə əlacsız qalan iqtidar nə etmək lazım gəldiyini bilmir, idarəçiliyi itimişdir. O zaman xalq qurtuluş yolunu Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Yeganə çıxış yolu Heydər Əliyevi Bakıya dəvət etmək idi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında əbədi və unudulmaz xidməti var. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı ilə ölkədə hərc-mərclik aradan qaldırıldı. Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz bu sevgi, xalqadan aldığı dəstək ilə Üummilli Lider Heydər Əliyev hakimiyyəti idarə edirdi. Ulu Öndərin hakimiyyəti illərində dövlət idarəçiliyi möhkəmləndirildi, beynəlxalq əlaqələr gücləndirildi. Ölkədə aparılan köklü sosial-iqtisadi islahatlar nəticəsində çiçəklənmə dövrü başlandı. Ümumiyyətlə, dövlətimizin daxili və xarc siyasət kursu yenidən müəyyənləşdirildi. Ermanistanla aparılan danışıqların nəticəsi olaraq atəşkəs elan edildi. Xalqımız üçün önəmli olan ictimai-siyasi sabitlik əldə edildi. Bu sabitlik hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə tam qorunur.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent