Qusar rayonunda prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

Oktyabrın 1-də prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülərək müstəqil dövlətimizin memarının əziz xatirəsi ehtiramla yad edilmişdir.

Daha sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri, Rayon Ağsaqqallar Şurasının üzvləri və rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Prokurorluq işçilərini təbrik edərək, onların fəaliyyətinin dövlətin hüquq sistemində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, hələ Sovet dövründən bu günə qədər prokurorluq orqanları qarşıya qoyulmuş vəzifələrin icrasında prinsipiallıq və məsuliyyət nümayiş etdiriblər. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti, xüsusən Qarabağda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri hüquq-mühafizə orqanlarının da üzərinə mühüm məsuliyyət qoyur. Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətində ədalət, obyektivlik və qanunun aliliyinə sadiqlik hər zaman əsas prinsipdir və bu prinsiplərin qorunması dövlətimizin hüquqi inkişafına mühüm töhfə verir.

Tədbirdə çıxış edən Qusar Rayon Prokuroru Ceyhun Mirzəyev tədbirin təşkilinə görə Rayon İcra Hakimiyyətinin başçısı başda olmaqla, bütün təşkilatçılara minnətdarlığını bildirib, dövlətimizin hüquqi siyasətinin həyata keçirilməsində prokurorluq orqanlarının rolundan danışıb. Qeyd edilib ki, 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Prokurorluğu bu gün 107 illik şərəfli inkişaf yolu keçərək, müasir dövrdə də öz missiyasını uğurla davam etdirir. Qeyd edilib ki, Qusar Rayon Prokurorluğu bundan sonra da fəaliyyətində qanunun aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dövlətçilik prinsiplərinə sadiqliyin qorunması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirəcək.

Ardınca Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin peşə bayramı münasibətilə prokurorluq işçilərinə ünvanladığı təbrik məktubu səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov da prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatları, prokurorluq orqanlarının inkişafına göstərdiyi xüsusi diqqəti, eləcə də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə daim qayğı ilə yanaşdıqlarını vurğulayıb.

Tədbirdə çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi Azər Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi Heydər Abıyev, Qusar Rayon Məhkəməsinin sədri Anar Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi Əqid Bayroyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, ölkəmizdə ictimai asayişin qorunması, vətəndaşların hüquqlarının müdafiəsi baxımından prokurorluq orqanlarının fəaliyyəti əvəzsiz əhəmiyyət kəsb edir.

Tədbirin sonunda Qusar Rayon Prokurorluğunun bir qrup əməkdaşı Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr ilə təltif olunublar.