Radcana Sultanova: “Azərbaycanlı olamağımla qürur duyuram” 

“Mən istəyirəm daha çox Azərbaycan millətinə və mədəniyyətinə xidmət edim, həmçinin daha çox beynəlxalq müsabiqələrdə iştirak edim”

Bu gün xaricdəki azərbaycanlı xanımlar da ölkəmizi və xalqımızı layqincə təmsil edirlər. Onların əldə etdikləri uğurlar Azərbaycanın adını daha da yüksəklərə qaldırır. Bu baxımdan ölkəmizdə qonaq olan model və “Tərcümə dünyası” MMC-nin təsisçisi və direktoru Radcana Sultanova da təqdirəlayiq fəaliyyət göstərir. Xatırladaq ki, əslən azərbaycanlı olan Radcana Sultanova Tatarıstanın Kazan şəhərində doğulub. Orada böyüyüb boya-başa çatıb. Hazırda da Kazanda yaşayır və orada çalışır. Saytımıza müsahibəsində dediyi kimi, hər zaman millətimizi, dilimizi, ənənələrimizi, mədəniyyətimizi, musiqimizi sevir və təbliğ edir.

-Azərbaycana tez-tez gəlirsiz?

-Azərbaycanla daima əlaqəm var. Mənim atam azərbaycanlıdır, Gürcüstandan olub. Atam sağ olanda, biz tez-tez Azərbaycana gəlirdik, yay aylarını da hər zaman babamın və nənəmin yanında keçirirdik. Amma sonralar tez-tez gəlmək o qədər də mümkün olmurdu. Ancaq çalışıram ki, hər il Azərbaycana gəlim, bu dəfə də buradayam. Bu səfərin səbəbi də toydur, xalam qızının toyuna gəlmişik. Yeri gəlmişkən, Bakıda da gəzdik. Ümumiyyətlə, Azərbaycanda olmaq çox xoşuma gəlir, xüsusilə Azərbaycan mətbəxini çox sevirəm.

-Yaşadığınız ölkədə, fəaliyyətinizdə Azərbaycanı necə tanıdıb, təbliğ edirsiz?

-Həmişə birinci növbədə fəxr etmişəm ki, mən azərbaycanlıyam və hər zaman məqsədim Azərbaycanın  adını yüksəltmək olub. İki övlad yetişdirmişəm və özümü hər bir sahədə yaxşı göstərmək istəmişəm. Çünki əvvəllər, o dövrdə mən oxuyanda Azərbaycanlı qadınların təhsili ilə bağlı çox da müsbət münasibət yox idi. Əslində, düzgün desək, qadınlar oxuduqda buna birmənalı yanaşmırdılar. Amma atam hər zaman deyirdi ki, mən mütləq oxumalıyam. Və mən onun bu arzusunu həyata keçirməyə çalışırdım. İki ali təhsilim var. Öncə Kazan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində, daha sonra isə İdarəetmə Universitetinin (TBYİ) Hüquq fakültəsində ali təhsil almışam.

Mən atamın arzusu ilə yaşadım və onun verdiyi təlimatlara görə həyatımı qurmağa başladım. 2004-cü ildə tələbə ikə öz biznesimi açdım və təxminən 20 ildir ki, bizneslə məşğul oluram. Hər zaman atamdan çox yaxşı tərbiyə almışam və bu dəyərləri öz həyatımda tətbiq etmişəm. O, mənə deyirdi ki, qadın özünü düzgün aparmalıdır. Bizim ailəmizin və millətimizin ənənələrinə uyğun şəkildə böyüdüm və bu prinsipləri qəbul edərək yaşadım.

-Bu yaxınlarda Cənubi Koreyada keçirilən Mrs.Universe-2024 (Dünya Gözəli) gözəllik müsabiqəsində qalib olmusuz. Necə oldu ki, bu yarışmaya qatıldız?

-Bu qərarı verməyimin əsas səbəbi, Azərbaycanı layiqincə təmsil etmək istəyim idi. Mən özümü tam olaraq azərbaycanlı olaraq hiss edirəm və bu missiyanı qürurla daşıyıram.

Mən böyük bir məsuliyyət daşıyırdım. Hamısını özüm səmimi şəkildə etdim və çalışdım ki, orada maksimum yadda qalım. Azərbaycan qadını olaraq özümü tanıtdım. 47 il ərzində ilk dəfə Azərbaycan bu müsabiqədə təmsil olundu. Düşünürəm ki, çox yaxşı nəticə göstərdim. İlk olaraq 114 ölkədən 25 qadın arasında yer aldım. Sonra isə ilk onluğa daxil olaraq 7-ci yeri tutdum. Bu, mənim üçün çox böyük bir nailiyyətdir və bununla qürur duyuram. Həyatda öz prinsiplərimə sadiq qalıram və öz bildiyim yoldan heç vaxt dönməmişəm. Bu səbəbdən, mənim üçün çox fəxredici bir məqamdır ki, bu mövqeni əldə etdim. Çalışdım, zəhmətimlə bu yeri qazandım və buna layiqəm.

Əminəm ki, Azərbaycanı ləyaqətlə təmsil etdim və beynəlxalq müsabiqənin bütün iştirakçılarını və tamaşaçılarını bu gözəl ölkə ilə mümkün qədər tanış etdim.

-Bundan öncə belə yarışmalarda iştirak edibsizmi? Ümumiyyətlə, bu kimi yarışmalarda azərbaycanlı olmağınızı nə dərəcədə göstərə bilirsiz?

-Azərbaycanı təmsil edən ilk qadın olaraq, mən Tatarstanda keçirilən “Mrs. Business Tatarıstan” yarışmasında birinci yer tutdum və Qran-Pri qazandım. Bu uğurumdan sonra Rusiyada təşkil edilən müsabiqəyə qatılmaq üçün dəvət aldım. Orada 16 regiondan 30 qadın iştirak edirdi və onların arasında mən birinci yerə layiq görüldüm. Müsabiqə təşkilatçıları mənə dedilər ki, gəl, səni xaricə göndərək. Mən də razılaşdım və nəticədə Azərbaycanı təmsil etmək qərarına gəldim.

-Gələcək planlarınızı da bilmək istərdik.

-Gələcək planlarım haqqında danışmaq istərdim. Əlbəttə ki, mən istəyirəm daha çox Azərbaycan millətinə və mədəniyyətinə xidmət edim, həmçinin daha çox beynəlxalq müsabiqələrdə iştirak edim. Mən düşünürəm ki, bu, yalnız Azərbaycanı təmsil etməklə deyil, eyni zamanda biznes sahəsində də irəliləmək deməkdir. Öz şəxsi brendimi inkişaf etdirirəm və hər yerdə başımı uca tutaraq fəxrlə deyirəm ki, mən azərbaycanlıyam. Tatarıstanda, demək olar ki, bizneslə məşğul olan birinci azərbaycanlı qadın olmuşam. Öz biznesimi yaratmışam və orada qadınların uğurunu dəstəkləyərək onlara yol göstərmişəm.

Gələcəkdə isə, daha da irəliləməyi düşünürəm. Mənim məqsədim yalnız öz uğurumla kifayətlənmək deyil, həm də biznes sahəsində və qadınların inkişafında daha çox yer almaqdır. Əgər Allahın qisməti olarsa, bu arzumu gerçəkləşdirəcəyəm. Sonra da çox yaxın gələcəkdə Azərbaycana gəlməyi planlayıram.