Ramazan ayının fəzilətləri ilə yaşayın


Dövlət rəmzlərimizdən olan bayrağı-mızda üç rəngdən biri islamlaşmanın rəmzidir. Yəni müasirləşmə, türkləşmə kimi bu rəmz də insanların bəşəri, dünyəvi mənəvi dəyərlər əsasında yaşamalı olduğunu xatırladır. O dəyərlər min illərlə yaradılıb, formalaşıb, min illlərlə də yaşadılacaq...

Azərbaycan Demokratik Respublikası da islam dövləti deyildi, dövlət müstəqilliyi 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktı ilə bərpa edilən Azərbaycan Respublikası da islam dövləti deyil, dünyəvi dövlətdir. Vətəndaşlar digər mənəvi dəyərlərlə bir sırada mütərəqqi islami dəyərlərini də yaşadır.

Ramazan ayının mahiyyətini hamı bilir. Bu bayramın on bir ayın sultanı olduğunu da bilir. Ramazan ayı könüllərin ayıdır, xeyir niyyətlər ayıdır, xeyirxahlıq ayıdır. Bu ayın mahiyyəti insanların ruhuna xeyirxahlıq salavatıdır.

Ramazan ayında Azərbaycan mədəniyyətinin paytaxtında – Şuşada Dünya azərbaycanlılarının  qurultayı keçirildi. Qurultayı Ramazan ayının müqəddəsliyi uğurladı. Bu qurultayın Ramazan ayında keçirilməsi onun mənəvi dəyərinə ehtiramın təzahürüdür. Ramazan ayında vətəndaşlarımızın, dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların, ümumən türkdilli xalqların bir-birinə ən gözəl alqışlarından, dualarından biri də “Xeyirli Ramazanlar!”dır...

Əminəm ki, Azərbaycanımızda bütün aylar dövlətə, dövlətçiliyə sədaqətlə, Ramazan ovqatlı olacaq!

Hamıya Ramazan ayının fəzilətləri ilə yaşamağı arzulayıram!...

SƏBİNƏ XASAYEVA

Milli Məclisin deputatı