Ramiz Tatarov azadlığa buraxıldı

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov vaxtından tez azadlığa buraxılıb.

Sabahinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim Nigar Rəfili məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və başqa əsasları nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

Tatarovun məhkumluğu isə gələn ilin dekabrında başa çatacaq.

Qeyd edək ki, Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində-2019-cu ilin dekabrında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.