"Vacib məsələ yerlərdə tikintilərlə bağlıdır. Keçən sessiyada bu barədə ətraflı olaraq çıxış etmişəm. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Demək olar ki, bu sahədə icra hakimiyyətləri ilə heç bir problemi həll edə bilmirik".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, hər kiçik məsələ üçün mərkəzi icra orqanlarına müraciət etmək lazım gəlir:
"İcra hakimiyyətləri rayonlara cavabdehdir. Zənnimcə, bütün səlahiyyətlər də onlarda olmalıdır ki, operativ şəkildə işləyə və rayonları inkişaf etdirə bilsinlər. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə, çöl sahəsində müvəqqəti sığınacaq tikirsə, niyə icazəni Bakıdan almalı və aylarla cavab gözləməlidir? Məgər həyətinə hasar çəkənin, evinə artırma edənin, balaca bir köşk tikənin, həyətində sanitar qovşaq tikənin belə icazəsini Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd görünmürmü? Bu qaydalar vətəndaşlar arasında ciddi narazılıq yaratmaqla bərabər, bizim yerlərdə icra hakimiyyətləri və vətəndaşlarla səmərəli işləməyimizə də ciddi əngəl yaradır".
Deputat vurğulayıb ki, bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var. Bildirib ki, rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır.