Razi Nurullayevdən önəmli təklif

Bu günə qədər tikilən binalarda bir neçə tikinti şirkəti enerji effektivliyinə əməl edib və o binalarda yaşayan əhali həm sağlam yaşayır, həm də evini qızdırmaq üçün digərlərinə nisbətən 2-3 dəfə az vəsait ödəyir. Şəhərsalma və tikinti məcəlləsində enerji effektivliyi ilə bağlı tələbləri dəstəkləyirəm. Bu qərarı vermək üçün ən azı 20 il gecikmişik. Bu tələblər necə yerinə yetiriləcək? Biz enerji effektivliyi ilə bağlı müvafiq qanun qəbul etmişik və onun həyata keçirilməsi baş verirmi? 

Bu problemlərin yerinə yetirilməsi üçün müəyyən qadağalar və tövsiyyələr hazırlanıb təqdim edilməlidir. Hər binada yüzlərlə kombi istilik sistemi var. Həm qaz sərfiyyatı, həm xeyli xərc, həm də ekoloji fəlakət. Onun üçün də bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombi ləğv edilməlidir.

Enerji effektivliyinin tətbiq edilməsi, təbii ki, tikinti sahəsində qiymətlərin də bahalaşmasına səbəb olacaq. Amma, mənzilin aylıq xərcində bu özünü təmamilə doğruldacaq. Onun üçün də enerji effektivliyi üçün tələblər ciddi şəkildə həyata keçirilsin.

Digər bir problem evlərin təmirsiz satılmasıdır. Mən bu məsələdə də qanuna müvafiq dəyişikliyi təklif edirəm. Bundan sonra tikilən bütün binalar təmirli və standartlara uyğun şəkildə təhvil verilsin. Təmirsiz mənzillərin satışı dayandırılsın.

Evlərin təmirli və enerji effevtivliyinin tətbiqi sahəsində potensial bahalaşmasını nəzərə alaraq, iş adamlarının xərclərini azaltmaq üçün yollar araşdırılsın. 

Ümumiyyətlə, təklifim budur ki, iş adamlarının iştirakı ilə ya cənab Prezidentin, ya da Baş nazirin yanında müşavirə keçirilsin. Iş adamlarına şərait yaradılsın ki, təklif və fikirlərini bölüşsünlər. Təklif edirəm ki, hər bir iş adamına cənab Prezident tərəfindən deyilsin ki, hər bir açıq danışan iş adamı birbaşa onun himayəsindədir. Əks halda, heç kim danışmayacaq, çünki, danışanların başına elə oyun açacaqlar ki, ya biznesini təhvil verib ölkəni tərk etməli olacaq, ya da bir neçə gün ərzində iflas edib var-dövlətini itirəcək.

Əlavə olaraq, təklif edirəm ki, bir poçt qutusu da qoyulsun və iş adamları problemlərini, onları incidənləri, onların biznesinə vəzifə səlahiyyətlərindən istifadə edib şərik olmaq istəyənlərin, rüşvət verdikləri şəxslərin adını yazıb atsınlar. Məktubları da birbaşa Prezident özü açıb qutudan götürsün. Qutuya özü nəzarət etsin. Düzdür, iş adamlarının mənimlə danışanda, problemlərini mənə deyəndə, faktları mənə göstərəndə nümayiş etdirdikləri cəsarətləri olsa və bunu etsələr, ölkədə zəlzələ olacaq və cənab Prezident də biləcək ki, ona nə qədər yalanlar deyilir və yalan məlumatlar çatdırılır. 

Qoy bu zəlzələ olsun və ölkə vəzifə səlahiyyətlərindən istifadə edib, iş adamlarına təzyiq, maliyyə, rüşvət və korrupsiya terroru keçirənlər cəmiyyətə məlum olsun. Xüsusən də pilot tikinti layihələrində işləyən iş adamlarına qarşı aparılan səlib yürüşünün dayandırlmasını tələb edirəm. Növbəti çıxışımı buna həsr edəcəm. Prezidentin, xalqın, digər əqidəli və saf insanların qəzəbindən qorxun, Allahdan qorxun. Cəhənnəm əzabından çəkinin. Bu gün üçün bu cümlə ilə çıxışımı bitirirəm. Azərbaycanda dünən mövcud olan biznes mühiti bu gündən daha əlverişli idi, sabah isə bu gündən daha ağır olacaq.

Razi Nurullayev 
Milli Məclisin deputatı