Regionun tarixində işıqlı səhifə açan ZƏFƏR

“44 günlük Vətən müharibəsində nail olduğumuz qələbə Azərbaycanın mövcudluq tarixinin ən uca zirvəsidir. Son 18 ildə Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan iqtisadi müstəqilliyinə nail oldu, dünyada öz sözünü deyən və haqq səsini müdafiə edə bilən ölkəyə çevrildi”.

Bu fikirləri Metbuat.az-a Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirdi ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümumilli lider, Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə yenicə formalaşdırılmış ordumuz əks hücuma keçərək Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə azğınlaşmış erməniləri geri oturdaraq atəşkəsə nail olunmuşdur. Azər Badamov şərh etdi ki, dəfələrlə edilmiş xəbərdarlıqlara, aparılmış danışıqlara baxmayaraq Ermənistan atəşkəsi pozaraq yaşayış yerlərini atəşə tutub, dinc əhalinin gündəlik həyatında problemlər yaradırdı. Yüksək səbr və iradə nümayiş etdirən Cənab İlham Əliyev yenidən müharibənin yaşanmasını, şəhidlərin verilməsini istəmirdi. Ona görə də hər dəfə düşmən təxribatlarının qarşısı alınmaqla münaqişənin ədalətli həllinə danışıqlar yolu ilə nail olmaq istəyirdi. 

“Ali Baş Komandanın seçdiyi çox düzgün döyüş taktikası sayəsində 44 günlük müharibənin hər gününü addım-addım irəliləməklə qələbəyə yaxınlaşdıq. Nəhayət, 8 noyabrda Şuşanı işğaldan azad etməklə düşmən ordusunu tamamilə məhv və masa arxasında danışıqlardan imtina edən Paşinyanı naməlum şəraitdə üçtərəfli bəyanatı imzalamağa məcbur etdik. İndi isə bütün torpaqlarımızı işğaldan azad etməklə Böyük Qayıdışı davam etdiririk. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir, şəhər və kəndlərin baş planları təsdiqlənir və yeni-yeni layihələrin təməlləri qoyulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastruktur və kommunikasiyalar müasir şəkildə bərpa olunaraq yenidən qurulur. Şuşa mədəniyyət paytaxtı elan olundu, özündə müasirliyi və qədimliyi əks etdirməklə şəhər yenidən qurulur. Qısa olaraq qeyd etmək olar ki, düşmənimizin 30 ildə dağıtdığı və taladığı ərazilərimiz indi tikinti meydançasına çevrilmişdir”.

Millət vəkili qeyd etdi ki, dövlət başçısı İlham Əliyev hər səfəri çərçivəsində “Dəmir yumruğ”un gücünü xatırladır və düşmən bizi müharibəyə vadar edərsə, yenidən işə düşəcəyini bildirir. Zaman onu göstərdi ki, ölkə Prezidentinin ifadə etdiyi hər bir söz real həyatda öz əksini tapır. Məhz işğaldan azad olunmuş torpaqlara səfərləri çərçivəsində Prezidentin səsləndirdiyi mesajlar öz ünvanlarına daha tez çatır və düşmənlərimizi düşünməyə vadar edir.

“Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən bərpa olunur, investisiyalar yatırılır, iqtisadi potensialı dirçəldilir. Yaxın gələcəkdə isə bu iqtisadi rayonlar öz sakinlərinə yenidən qovuşmaqla Azərbaycana yeni güc verəcəkdir. Qarabağ və Şərqi Zəngəzura yenidən həyat və ruh qaytarılmaqla Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi daha da möhkəmlənəcək”.