İran prezidenti İbrahim Rəisi müsəlman ölkələrinin İsrailə qarşı birləşməsinə və Fələstinə dəstək verməyə çağıraraq, fələstinlilərin hüquqları nəzərə alınmadan heç bir dünya nizamının formalaşa bilməyəcəyini vurğulayıb.
Sabahinfo.az xəbər verir ki, o, bu barədə suriyalı həmkarı Bəşər Əsədlə söhbətində deyib.
Həmsöhbətlər Fələstin xalqına dəstək üçün müsəlman və ərəb ölkələri arasında yaxınlaşma və əməkdaşlığa çağırıblar.
Rəisi İsrailin Fələstinə qarşı cinayətlərini pisləyərək deyib: "Sionistlər bütün beynəlxalq müqavilələrə zidd olaraq Qəzzanı tamamilə mühasirəyə alıblar və yalançı insan haqları iddiaçıları zalım və məzlumları dəyişmək üçün ikili standartlardan istifadə edirlər". “Bu gün bütün İslam və ərəb ölkələri və dünyanın bütün azadlıqpərəstləri sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinə son qoymaq üçün ciddi yaxınlaşma və əməkdaşlığa nail olmalıdırlar. Buna uyğun olaraq, İran İslam Respublikası İslam ölkələrinin liderləri ilə əlaqə saxlamaqla bu koordinasiyaya ən qısa zamanda nail olmağa çalışacaq”.
Əsəd də öz növbəsində konsensusun əldə edilməsi prosesini sürətləndirməyə çağırıb, çünki bu məsələdə irəliləyişin olmaması “sionist rejimini Qəzzə və fələstinlilərin məzlum xalqına qarşı yeni cinayətlər törətməyə təşviq edəcək”.