“REVANŞİSTLƏRİN SONU ÇATIB, AKSİYALAR SÜLHƏ MANE OLA BİLMƏYƏCƏK”

“Ermənistanda keçirilən aksiyalar sülh müqaviləsindən yayınmağa xidmət edir və təzyiq vasitəsidir. Lakin istər revanşist qüvvələr, istər hakimiyyət bilməlidir ki, Ermənistanın sabahı sülh sazişindən asılıdır. Ümumiyyətlə, revanşistlərin sonu çatıb”.
Bu sözləri Tribuna.Az-a deputat Məşhur Məmmədov İrəvanda keçirilən mitinqlərə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, müxalifətin aksiyaları nəticə verməyəcək və sülh prosesinə doğru atılan addımlara mane ola bilməyəcək.
M.Məmmədov hesab edir ki, erməni cəmiyyəti keçmiş cinayətkar komandanın iç üzünü tanıyır: “İndi müxalifətdə təmsil olunub erməni xalqına növbəti yalan vədlər verir, nağıllar danışır, ölkəni uçuruma dəvət edirlər. Onların əli həm Azərbaycan, həm erməni xalqının qanına batıb. Köçəryan kimi canilər təzədən revanşist fikirlər yaymaqla erməni xalqını müharibəyə, qana çağırır. Ancaq ermənilər 44 günlük müharibədə yedikləri “Dəmir yumruq”la dərk etdilər ki, bu cür boşboğaz və qaniçən siyasətçilərə güvənmək olmaz. Ona görə aksiyalarda izdiham yoxdur. Xalq müxalifəti dəstəkləmir”.
M.Məmmədovun fikrincə, Paşinyan hakimiyyəti sülhün alternativi olmadığını anlayır və ictimai rəyi də buna hazırlamaqdadır: “Bir neçə gün qabaq bir qrup erməni ziyalısı da ona müraciət etdi ki, Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Ermənilər başa düşür ki, 90-cı illər deyil və Azərbaycan güclü orduya malik, regionda söz sahibi və diktə edən dövlətdir. Üstəlik, bu düşmənçiliyi davam etdirməyin məası yoxdur. Ona görə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır”.