"Rusiya dünyada təklənən, etibarını itirən ölkə olacaq"

“Azərbaycanla Rusiya arasında baş verən son hadisələr bir tərəfdən baş verən aviaqəza ilə bağlıdırsa, digər tərəfdən Rusiyanın hakim elitasının, xüsusən də Dövlət Dumasının və tanınmış simalarının atdıqları destruktiv, şovonist addımlardır. Azərbaycanın AZAL şirkətinə aid təyyarə Rusiyanın Qroznı şəhəri üzərində raketlə vurulub. Bunu “qara qutu”nu deşifrə edən mütəxəssilər də təsdiq edir. Amma Rusiya tərəfi özünü təmizə çıxarmağa çalışır, bunun üçün Dumanın deputatlarını media üzərindən bizə qarşı hücuma təhrik edir. Bu, əlbəttə, yanlış cəhdlərdir. Hən suçlu, həm doğru olmaq mümkün deyil. Belə davam edərsə Rusiya dünyada təklənə, etibarını tamamilə itirə bilər”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.  

Deputat qeyd edib ki, hadisələrin bu cür inkişafı ilk növbədə iqtisadi münasibətlərə çox ciddi zərər vura bilər: “Azərbaycanda mindən çox Rusiya şirkəti fəaliyyət göstərir. Əlbəttə, biz buna qarşı deyilik, amma Rusiyada başlanmış anti-Azərbaycan təbliğatı, atılan mənfi addımlar, azərbaycanlı iş adamlarına qarşı çoxalan təhdidlər bu münasibətlərə yenidən baxmağı bizə diqtə edəcək. Məsələ burasındadır ki, anti-Azərbaycan təbliğatında daha çox rusiyalı deputatlar iştirak edirlər. Konstantin Zatulin, Nikolay Valuyev və digərləri destruktiv qüvvələrin önündə gedənlərdir. Onlar öz düşüncələrinə, mənsub olduğu dairəyə uyğun addımların atılmasını istəyirlər. Valuyev Dumanı rinqlə, Zatulin deputat kürsüsünü ermənilərin konyak qonaqlığı ilə qarışdırır. Zatulin baş verən hadisənin səbəblərindən danışmaq əvəzinə, Azərbaycanı suçlamağa cəhd edir. Deyir ki, “Azərbaycan Qərbdəki dostlarına, Türkiyəyə nə qədər əyilməz olduğunu göstərmək istəyir” və əlavə edir, “Biz başa düşməliyik ki, Azərbaycan bizim müttəfiqimiz deyil, biz cavab addımları atmalıyıq”. Belə görünür ki, Dövlət Dumasını təmsil edən Rusiya siyasətçiləri beynəlxalq qanunlardan xəbərsizdirlər, ölkələr arasında on illərlə formalaşmış münasibətlərə zərrə qədər əhəmiyyət vermirlər. Zatulin və Valuyev Rusiyadakı erməni diasporundan pay umanlardır, ona görə də onların fərqli fikir söyləməsi mümkün deyil. Kremlin ideoloji ruporu olan “Rossiya” kanalının erməni əsilli Simonyanın nəzarətində olması da münasibətlərin mənfiyə doğru inkişafında böyük rol oynayır. Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən həm də Rusiya hakimiyyətindəki bəzi dairələrdir. Onlar bizi haqlı mövqeyimizdən çəkindirmək istəyirlər. Lakin anlamırlar ki, Azərbaycan heç vaxt öz prinsiplərindən, haqlı tələblərindən geri çəkilməyib. Azərbaycan hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Bu, bir daha Azərbaycanın qətiyyətindən xəbər verir”.