Rusiya ilə münasibətlərimiz haqqında bir neçə söz...

Əziz dostlar, ötən il çoxsaylı insan təlafatı ilə nəticələnən "Embraer-190" tipli sərnişin təyyarəmizin Qroznı üzərində vurulması təkzibolunmaz faktlarla ortadadır. Birmənalı şəkildə hava gəmimiz Rusiya aviasiyası tərəfindən atəşə məruz qalmışdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təyyarə əvvəlcə elektron müdaxilənin hədəfinə çevrilib, sonra isə atəşə tutulub və nəticədə qəza baş verib. Dövlət başçısı hadisənin qəsdən baş vermədiyini vurğulayaraq Rusiya tərəfini fəlakətin əsl səbəblərini gizlətməyə çalışdığına və yalan versiyalar yaydığına görə tənqid də etmişdi. Şübhəsiz ki, baş verən qəza xalqımız üçün ciddi faciə oldu və Azərbaycan onunla müttəfiqlik müqaviləsi bağlamış dost ölkə kimi Rusiyanın üzrxahlığını gözləyirdi. Lakin rəsmi Moskva günahını etiraf etməsə belə, görünən o oldu ki, təyyarəmiz vurulub!  Bütün bunlar azmış kimi Rusiya Azərbaycandan üzr istəmək, beynəlxalq qanunlara uyğun olaraq kompensasiya ödəmək əvəzinə, ölkəmizə qarşı çirkin şəkildə qarayaxma kampaniyası aparır. Xüsusilə, təyyarəmizin vurulması fakt kimi dəlil və sübutlarla ortaya qoyulandan sonra Rusiyanın Azərbaycana qarşı sərgilədiyi mövqe başadüşülən deyil.
Birincisi, Azərbaycan xarici siyasətini bütün ölkələrlə tam səmimiyyət üzərində qurub. Məhz qlobal arenada ölkəmizə qarşı yüksək inam və etibar bu səmimiyyətdən qaynaqlanır. İkincisi, rəsmi Bakı dürüst siyasəti ilə dünyada hər zaman ədalətin müdafiəçisi olub. İkiüzlü, riyakar siyasət aparmayıb. Həqiqətə qarşı vuruşanların deyil, həqiqətin yanında olub. Ədalətin təntənəsini alqışlayıb.

Üçüncüsu, ayrı-seçkiliyə, diskriminasiya siyasətinə məruz qalsa belə, müttəfiqlərinə, dostlarına xoş, düşməninə sərt üzünü göstərib.

Ən nəhayət, Azərbaycan hər zaman tələblərində haqlı olub, prinsipial mövqe sərgiləyib. Bu baxımdan ölkəmiz təyyarə qəzası ilə bağlı tələblərində tam haqlıdır, amma Rusiyanın davranışları qəbulolunmazdır. Rusiya mediasının və siyasi dairələrinin bəzi nümayəndələri Azərbaycanın haqlı etirazına qeyri-adekvat reaksiya nümayiş etdirirlər. Bu da onu göstərir ki, belələri hələ də “böyük və kiçik qardaş” kimi köhnəlmiş anlayışlar çərçivəsində düşünürlər. Müstəqil Azərbaycan öz suverenliyinə qarşı hörmətsizliyə dözümsüzlük nümayiş etdirən dövlət olduğunu dəfələrlə sübut edib. Buna görə də, şimal qonşumuzun qaragüruh KİV-i və təxribatçı, məsuliyyətsiz “politoloqları” Azərbaycan haqqında danışanda yaxşıca düşünməlidirlər: Cənubi Qafqaz regionunun ən güclü dövləti ilə, Avrasiyasının strateji aktoru ilə münasibətləri korlamaq qlobal müstəvidə küncə sıxılmış Rusiyanın maraqlarına cavab verirmi? 

Ümid edirik ki, soyuq başla bu sual haqqında düşünməyə vaxt tapacaqlar. Rusiya anlamalıdır ki, Azərbaycan düşmən axtarışına çıxmayıb, özünun qanuni haqqını tələb edir.

Hörmətlə, 
Rəşad Mahmudov
Milli Məclisin deputatı