Rusiya – NATO gərginliyinin pərdəarxası

Krımın ilhaq edilməsi NATO və Rusiya arasında gərginliyə səbəb oldu. Rusiyaya cavab olaraq, NATO Şərqi Avropadakı hərbi qüvvələrinin sayını artırdı. Lakin buna baxmayaraq, Krımda "referendum” keçirən Kreml yarımadanın Rusiyaya ilhaqını "rəsmi”ləşdirdi. Rusiya bununla eyni zamanda Donbasın ələ keçirilməsinə yol açdı. Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko isə "seçkilər”in "Krım sakinlərinin iradəsi”ylə baş tutduğunu deyərək, Alyansın Ukrayna böhranına qarşı yürüdəcəyi siyasəti müəyyən etdi. Qruşkoya cavabında NATO "referendum”u tanımadığını və bunun beynəlxalq hüquq normalarına zidd olduğunu bildirdi. Nəticədə Alyansın Brüssel və Uels sammitlərində Rusiyanın Ukraynada atdığı addımlar birmənalı olaraq pislənildi. Uels toplantısında müttəfiq ölkələr Şərqi Avropa və Ukraynada təhlükəsizlik tədbirlərinin gücləndirilməsini qərara aldılar. ABŞ Dövlət katibi Con Kerri NATO-nun bölgədə hərbi qüvvələrinin sayının artırılmasının vacibliyinə diqqət çəkdi. Alyansın keçmiş baş katibi Anders Foq Rasmussen isə, bir tərəfdən Rusiyayla danışıqlarının davam etdirilməsini irəli sürdü, digər yandan Şərqi Avropada müdafiə mexanizminin genişləndirilməsini önə çəkdi. Rasmussenin Ukraynanı regionda keçirilən hərbi təlimlərə qatmaq cəhdləri isə, Rusiyanın separatçılar vasitəsilə Donbası qarışdırmasına səbəb oldu. Bundan sonra NATO baş katibinin müavini Aleksandr Verşbov Şərqi Avropa ölkələrinin təhlükəsizliklərinin təmin edilməsi üçün Rusiyaya qarşı tədbirlər planının hazırlandığını elan etdi. O, Rusiyanın xüsusilə Baltikyanı dövlətlər üçün Ukraynada təhdid meydanı yaratdığını dedi. Qruşko Verşbova cavabında, NATO-nun ən kiçik hərəkətinə belə Rusiya tərəfindən adekvat cavabın veriləcəyini bildirdi.
***
NATO – Rusiya gərginliyinə təkcə Ukrayna məsələsi səbəb deyil. Ağ Evin son illərdə Yaxın və Uzaq Şərq bölgələrinə fokuslanması, Rusiyanın Şərqi Avropada möhkəmlənməsi üçün zəmin hazırladı. Amerikanın bölgədəki çəkisinin azaldığını görən NATO Rusiyanın yaranmış boşluğu doldurmaq cəhdlərinə qarşı hərəkətə keçdi, nəticədə Moskvayla üz-üzə dayandı. Gərginliyə səbəb olan digər faktor isə, Ağ Evin Şərqi Avropa və Yaxın Şərqdə yürütdüyü siyasətə görə Moskva ilə hesablaşmaması idi. ABŞ bu istiqamətlərdə Rusiyanı zəif rəqib kimi dəyərləndirdi. Amerika QHT-lərinin Yanukoviçi devirərək yerinə öz maraqlarına xidmət edən gücləri iqtidara gətirmək cəhdlərinə Rusiyanın cavabı çox ağır oldu. Moskva bununla Vaşinqtona Ukraynanın Suriya olmadığını bildirdi. Bunun qarşılığını Obama administrasiyası uğursuz iqtisadi sanksiya siyasətilə verdi. Rusiya isə Krımı ilhaq edərək, Donbasın Ukrayndan qoparılmasına zəmin hazırladı. ABŞ yenə də planlı iş görmədi. ABŞ-ın səssizliyinə cavab olaraq, NATO Şərqi Avropada güclənmək strategiyasını izlədi. Yəni, NATO-nun ABŞ-ın bölgədə yaratdığı boşluğa oturması, Rusiya ilə əlaqələrin gərilməsinə səbəb oldu. Nəticədə 2014-cü ildən qurum Şərqi Avropadakı qüvvələrinin sayı ilə yanaşı, hərbi büdcəsini 30% artırdı.
***
Rumıniya, Polşa, Çexiya və Baltikyanı dövlətlər də Rusiya təhlükəsinin artmasından dolayı, NATO-dan bölgədə təhlükəsizkik tədbirlərinin gücləndirilməsini tələb etdilər. Qurumun Avropada ölkələri üzrə komandanı general Bredlav bölgəyə yerləşdirilmiş qüvvələrin orada daimi olaraq qalacaqlarını bəyan etməsi Rusiyanı qıcıqlandırdı. Bredlav Uels sammitindəki çıxışında bildirdi ki, Krem etibarlı müttəfiq deyil və Rusiya təhlükəsinə qarşı belə tədbirlərin görülməsi zəruri idi. Buna cavab olaraq, Rusiya Qara dəniz və Krımdakı hərbi qüvvələrinin sayını artırdı. Bu paradın davamı olaraq, iyunun 1-də NATO-nun Şərqi Avropada – Rusiya sərhədləri yaxınlığında başlatdığı hərbi təlimlər, müharibəyə hazırlıqdan çox Moskvaya qarşı əzələ nümayişdir. Yəni, böyük müharibəyə hazırlıq deyil. 2014-cü ildən NATO-nun Rusiyaya yönəlik tədbirlərinə qarşı müdafiə naziri Sergey Şoyqu müdafiə xərclərini 2.5 milyard dollar artırdıqlarını açıqladı. Buna uyğun olaraq, Rusiya 2020-ci ilə qədər Qara dəniz Donanmasını gücləndirmək və Novorossiysk, Temruk, Utaş dəniz hərbi bazalarını modernləşdirməyi planlaşdırır. Rusiya silahlı qüvvələrinin keçən ilin mart ayından mütəmadi olaraq, Rostov, Belqorod və Kursk bölgələrində həyata keçirdiyi manevrlər də məhz NATO-ya cavab xarakteri daşıyır. Paralel olaraq, Rusiya Volqoqrad, Krasnodar və Volqa-Xəzər kanallarında da intensiv hərbi təlimlər keçirir. Bu addımı Rusiyanın Ukrayna ilə yanaşı, Azərbaycan və Gürcüstana nəzarət etmək cəhdlərinin NATO-ya çatdırılması mesajıdır. Təbii ki, Moskva belə gedişlərlə NATO-nun bölgəyə olan maraqlarını azaltmağa çalışır. Lakin Alyans Şərqi Avropada möhkəmlənməklə asanlıqla geri çəkilməyəcəyini nümayiş etdirir.



Mənsur