Rusiya nüvə silah ilə bağlı müqavilədən çıxır

Rusiya Dövlət Duması Rusiya Federasiyasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə dumanın bu gün keçirilən plenar iclasında qərar qəbul olunub.

Qeyd edək ki, müvafiq sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər.

"Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri əsasında dialoqa ehtiyac var. Rusiya Federasiyası vətəndaşlarını qorumaq və qlobal strateji paritetin qorunub saxlanmasını təmin etmək üçün hər şeyi edəcək”, - deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlum qanun layihəsi ilə bağlı Telegram kanalında yazıb.