Rusiyada hərbi təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı artdı

Rusiyanın Yeysk şəhərində “Su-34” hərbi təyyarəsinin yaşayış massivinə çırpılması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xilasedicilər dağıntılar altında axtarışları başa çatdırıblar. Axtarış-xilasetmə əməliyyatları zamanı 10 nəfərin meyiti tapılıb. Beləliklə, ölənlərin ümumi sayı üçü uşaq olmaqla 13 nəfər təşkil edib.

Faciə nəticəsində 19 nəfər xəsarət alıb.

Xilasetmə əməliyyatı zamanı 68 nəfər xilas edilib. 360-dan çox insan təxliyə olunub.

Qeyd edək ki, bundan əvvəl altı nəfərin öldüyü bildirilmişdi.

Xatırladaq ki, oktyabrın 17-də axşam saatlarında “Su-34” bombardmançı təyyarəsi Yeysk şəhərinin yaşayış massivinə düşüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, buna səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. Qəza zamanı ətrafa dağılmış yanacaq alovlanıb, alov çoxmərtəbəli yaşayış binasına keçib, nəticədə birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanğın başlayıb. Pilotlar katapult ediblər.