Rüşvət alarkən saxlanılan məmurlara hökm oxundu - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin sabiq rəisi Anar Poladov, şöbənin əməkdaşları Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən barələrində həbs qətimkan tədbiri seçilmiş Anar Poladov və Səbuhi Rzayev hərəsi 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Afiq İbayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.

Rəsmi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev iş başında rüşvət alan zaman saxlanılıblar.

Həmin görüntülərdə A.Poladov və S.Rzayevin vətəndaşdan rüşvət aldıqları əks olunur.

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində sentyabrın 2-də hər iki şəxs 1 000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.