Sabahinfo.az-ın əməkdaşı birinci oldu

Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində Media nümayəndələri arasında pnevmatik idman tapançasından atəşaçma yarışı keçirilib.

Sabahinfo.az xəbər verir ki, Novruz bayramı ərəfəsində Media nümayəndələri arasında təşkil olunmuş Atıcılıq yarışının açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya, Dünya və Avropa çempionları ilə yanaşı, tanınmış idmançılar da iştirak ediblər.

Çingiz Hüseynzadə çıxış edərək, qonaqları salamladı və Atıcılıq yarışının əhəmiyyətindən danışdı.

O qeyd etdi ki, Qəhrəman oğulları, qızları olan qalib bir ölkə kimi, Media nümayəndələri arasında yarışları - mütəmadi təşkil etməyi qərara almışıq. 44 günlük çətin anlarımızda Media nümayəndələri daima əsgərlərimizin yanında olaraq, onlara dəstək olublar. Onların bu şücaətini alqışlayırıq. Biz də belə gənclərimizə diqqət ayırmaqla yanaşı eyni vaxtda Atıcılıq idman növünü də daima təbliğ edib, inkişaf etdirməliyik. Gələcəkdə bu yarışın ənənəvi xarakter almasını və hər ilin Bahar bayramında Media nümayəndələri ilə görüşlərin, yarışların təşkil edilməsini öhdəmizə götürürük.

Sonra Çingiz Hüseynzadə tədbirin keçirilməsinə görə Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə və tədbirdə iştirak edən məhşur idmançılara minnətdarlıq bildirdi.

Çıxışının sonunda Novruz Bayramı münasibəti ilə hər kəsi təbrik etdi, "Qoy, güclü qalib gəlsin", - deyib Media nümayəndələrinə uğur dilədi.

Estrada müğənniləri Turan Səfərlinin, Günay Huseyinlinin və Mənsurə Əliyevanın Azərbaycana, Qələbəmizə aid ifa etdikləri mahnılar tədbiri daha maraqlı etdi.

Yarışın Baş hakimi Respublika dərəcəli hakim Rəsul Məmmədov, Baş katibi Beynəlxalq dərəcəli hakim Böyükxanım Astanova olub.

Media nümayəndələri arasında Atıcılıq yarışında birinci yerə Ləman Quluzadə ("sabahinfo.az" saytı) layiq görülüb. ARB telekanalının əməkdaşı Eltürk Həsənli ikinci yerə, "CBC Sport” telekanalının əməkdaşı Zaur Abbasov isə üçüncü yerə layiq görülüb.

Atıcılıq Federasiyası və Media nümayəndələri tərəfindən belə bir yarışın hər il - mütəmadi keçirilməsi, yarışın ənənəvi hal alması təklifi alqışlanıb.