Türkiyənin İŞİD-in nəzarət etdiyi ərazilərdən ucuz neft əldə etməsi ilə bağlı iddialar var. Buna görə Türkiyə hökuməti Beynəlxalq Arbitraj Məhkəməsində mühakimə oluna bilər.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin istefada olan generalı İsmayıl Haqqı Pekin deyib.
Rusiya təyyarəsinin vurulmasına diqqət çəkən Pekin bildirib ki, bunun nəticələri ürəkaçan olmayacaq:
"Bayırbucaq bölgəsində yaşayan türkmanların sayı olduqca azdır. Rusiya təyyarəsi həmin bölgədə terrorçulara qarşı əməliyyatlar həyata keçirirdi. Türkiyə Silahlı Qüvvələri tərəfindən onun vurulması qəbuledilməzdir. Bu təyyarə Türkiyə üçün heç bir təhlükə yaratmırdı”.
İsmayıl Haqqı Pekin həmçinin Türkiyənin İŞİD-lə bağlı mövqeyinə də münasibət bildirib:
"ABŞ İŞİD-lə bağlı mühüm məlumatlara malikdir. Həmin sənəddə Türkiyənin bölgədə hansı işlər gördüyü qeyd olunub. Bildirilib ki, hökumətimiz İŞİD-dən ucuz neft alır. Əgər bu sübut olunsa, bizim üçün nəticələri ağır olacaq. Rusiya ilə də münasibətlərimiz kəskinləşdi. Bütün bu amillərdən istifadə edib, Türkiyə hökumətini Beynəlxalq Arbitraj Məhkəməsinə verə bilərlər”.