Şabranda alternativ enerjiyə keçidin təşviqi üçün sahibkarlarla görüş keçirildi

İqlim dəyişikliklərinin qarşısının alınması, enerji resurslarından səmərəli istifadə və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə Şabran rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) alternativ enerji mənbələrinin tətbiqinə dair maarifləndirici tədbir keçirilib.

Tədbir yerli sahibkarların iştirakı ilə baş tutub və onların alternativ enerjiyə keçid imkanları, eləcə də dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri barədə məlumatlandırılması məqsədi daşıyıb.

Tədbir Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İctimai İştirakçılığın Dəstəklənməsi ” İctimai Birliyin tərəfindən təşkil olunub. DAİM sədri Arzu Hüseynov alternativ enerjiyə keçidin hər bir fermerin, sahibkarın maraq dairəsində olduğunu və bu istiqamətdə istənilən informasiyanın onların işinə müsbət təsir edəcəynə əmin olduğnu bildirdi. Layihənin eksperti Şaban Nəsirov günəş, külək, bioenerji və digər bərpa olunan enerji növlərinin həm ətraf mühit, həm də biznes üçün iqtisadi cəhətdən səmərəli olduğunu vurğuladı. Eyni zamanda, sahibkarlara alternativ enerji avadanlıqlarının alınması və quraşdırılması üçün mövcud subsidiya proqramları, vergi güzəştləri və kredit imkanları barədə ətraflı məlumat verdi.

Ekspert bir neçə uğurlu yerli layihədən nümunə gətirdi. Qeyd etdi ki, artıq Şabran rayonunda bir neçə kiçik və orta sahibkarlıq subyekti öz təsərrüfatlarında günəş panelləri və hibrid enerji sistemlərindən istifadə etməyə başlayıb. Bu da həm xərclərin azaldılmasına, həm də istehsalın davamlı şəkildə təmin olunmasına şərait yaradıb. Şaban Nəsirov qeyd etdi ki, təədbirin keçirilməsinin məqsədi regionda ekoloji cəhətdən təmiz, dayanıqlı və rəqabətədavamlı iqtisadi modelin qurulmasına dəstək verməkdir. Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıldı. Maraqlanan sahibkarlar üçün gələcəkdə texniki dəstək və məsləhət xidməti göstəriləcəyi də vurğulandı. Layihə rəhbəri Teymur Nəsirov Şabran rayon İcra Hakimyyətinə və DAİM rəhbərliyinə tədbirin keçirilməsinə verdiyi dəstək üçün təşəkkürünü bildirdi.