Dünya siyasi arxitekturasının yenidən formalaşdığının müşahidə olunduğu bir zamanda dördüncü sənaye inqilabının və postpandemiya dövrünün gətirdiyi yeni çağırışlar hər bir ölkədə yeni siyasi münasibətlərin tənzimlənməsini zəruri edir.
Azərbaycan Prezidenti də qlobal arenada baş verən prosesləri düzgün qiymətləndirərək Cənubi Qafqazda sülhü beynəlxalq müstəvidə davamlı etmək məqsədilə Azərbaycanın çoxvektorlu xarici siyasətini uğurla davam etdirir.
Bu gün Azərbaycan bütün dünya dövlətləri tərəfindən Cənubi Qafqazın lider dövləti olaraq qəbul olunur. Ermənistan artıq Azərbaycanın davamlı sülhə dair məlum beş şərtini qəbul etməyə və Böyük Sülh Sazişini imzalamağa yaxındır. Regionun digər subyekti Gürcüstan da Cənubi Qafqazda davamlı sülhün, siyasi-iqtisadi inkişafın təmin olunmasını dəstəklədiyini dəfələrlə bəyan edib.
Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu eyni zamanda bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir. İstər Brüssel, Moskva, Soçi görüşlərində, istərsə də bir sıra mötəbər beynəlxalq konfrans, forumlar, tədbirlərdə Azərbaycan bu məsələrdə iştirak etməyə hazır olduğunu nəinki bəyan edir, həm də regionun davamlı inkişafının təmin edilməsi işində lokomotiv dövlət rolunu öz üzərinə götürür.
Avropa İttifaqı, eləcə də Rusiya və Amerika Birləşmiş Ştatları da Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndirirlər.
Regionda formalaşan yeni reallıq, dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarından istifadəni tələb edir. Bu da öz növbəsində ölkə daxilində ictimai-siyasi arxitekturanın təkmilləşdirilərək möhkəmləndirilməsini zəruri edir.
2019-cu ildə Cənab Prezident ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə tarixində ilk dəfə olaraq növbədənkənar parlament seçkilərinin təşkil olunması ilə bağlı qərar verdi. Beləliklə, xalqın iradəsi ilə formalaşmış altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi dövlətimizin gələcəyə olan siyasi baxışını müəyyən edən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən, ölkənin davamlı inkişafını təmin edən uğurlu islahatların siyasi konfiqurasiyasını təşkil edir.
Azərbaycan Respublikasının Milli Məclisi Prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumətin hazırladığı və təklif etdiyi qanun layihələrini nəinki vaxtın və zamanın vacibliyini nəzərə alaraq qəbul edir, eyni zamanda qanun layihələrinin müzakirəsində cəmiyyətin bütün təbəqələrinin fikirlərini nəzərə almaq üçün ictimai dinləmələr təcrübəsindən istifadə edir.
“Dini etiqad azadlığı haqqında”, “Media haqqında”, “Siyasi partiyalar haqqında” Milli Məclis tərəfindən qəbul olunmuş və Cənab Prezident tərəfindən təsdqilənmiş Azərbaycan Respublikasının Qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edir.
Qeyd edim ki, bu qanunların mahiyyəti BMT-yə üzv dövlətlərin hökumətləri tərəfindən 2015-ci ildə yekdilliklə qəbul olunmuş “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəlik”də öz əksini tapmış DİM16 (Sülh, ədalət və səmərəli institutlar) hədəflərini əhatə edir və müasir beynəlxalq çağırışların tələbləri ilə üst-üstə düşür.
Siyasi dialoq artıq sadəcə demokratik məzmunlu, atributiv xarakterli bir alət kimi yox, eyni zamanda siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik.” “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.”
Tarix boyu Azərbaycanın müdrik rəhbərləri xalqın bir olması üçün çağırışlar edərək dövrün siyasi reallığına uyğun olaraq Azərbaycanın qorunması naminə tədbirlər həyata keçirmişlər.
Müasir, müstəqil Azərbaycan tarixinin başlanğıcında Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının 20 yanvar faciəsinə münasibət bildirərək Azərbaycanda xalq hərəkatının inkişafı prosesinə dəstək oldu, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyinin əldə olunması prosesinə təkan verdi, xalq hərəkatının siyasi hakimiyyətə gəlməsinə şərait yarandı. 2020-ci ildə isə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev güclü, müasir Azərbaycan Ordusunun qəhrəman övladlarının iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu qürürlu xalq bu gün yuxarıda qeyd etdiyimiz kimi, müasir dövrün ən mürəkkəb, eyni zamanda şərəfli günlərini yaşayır. Bu günlərin də öz reallıqları, çağırışları var. Yeniləşməkdə olan ölkəmizdə müasir texnologiyalardan istifadə olunmaqla daha müasir, təkmil ictimai-siyasi sistemin yaradılması Azərbaycan xalqının bütün siyasi qüvvələrinin maraqlarını təmin edərək dayanıqlı, müstəqil, suveren Azərbaycan dövlətinin yeni həyat mərhələsinə keçməsinə köməklik göstərəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı