Əfsanəyə çevrilən qadın

Azərbaycan xanımının mənəvi dəyərlərini özündə birləşdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəyə çevrilmişdir.

62 il yaşamasına baxmayaraq, Zərifə xanım mənalı ömrü və zəngin elmi yaradıcılığı ilə dünyaya nümunəvi Azərbaycan qadını obrazını canlı surətdə təqdim edə bilmişdir.

Zərifə xanım .Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Zərifə xanım yalnız biliyini, elmini tələbələrinə öyrədən müəllim olmaqla yanaşı, həm də ölkəmizin gələcəyinə ana qayğısı göstərib. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Bu, əsl Azərbaycan qadınının alim, müəllim kimi xalqına sevgisi, gələcəyi üçün xidmət nümunəsidir.

Mənsub olduqları xalqların həyatında böyük xidmətləri olan liderlər ən çox öz ailələrinin rahat mühitinə, doğmalarının sevgisinə ehtiyac duyurlar.

Tanınmış alim, akademik Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olmaq kimi şərəfli missiyanı ömrü boyu layiqincə yerinə yetirdi. Ulu Öndərə etibarlı mənəvi dayaq oldu. O, Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri öz zərif çiyinlərində dözümlə daşıdı. Zərifə xanım Əliyeva Ulu Öndərin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsinə ən böyük dəstək idi.

Ulu Öndərin qadın problemlərinə diqqət yetirməsində də Zərifə xanımın şəxsi nümunəsi mühüm rol oynayırdı. Heydər Əliyev ömrü boyu qazandığı uğurlara və ailəsində yaratdığı rahatlığa görə Zərifə xanımın fədakar məhəbbətini, diqqət və qayğısını yüksək qiymətləndirmişdir.

Yalnız Zərifə Əliyeva kimi ailə dəyərlərinə, zəhmətə bağlı olan qadınlar savadlı, vətənpərvər, liderlik xüsusiyyətlərinə malik övladlar yetişdirə bilərdi. Onun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yetişməsində xidmətləri əvəzsizdir.

Ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım haqqında xatirələrinin birində belə söyləyirdi: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı..

Bu gün Şuşada, Xocalıda, Laçında, Xankəndidə və digər işğaldan azad olunmuş Vətən torpaqlarında dalğalanan Azərbaycan bayrağının üzərində həm də övladı ilə qürurlanan müqəddəs bir ana ruhu dolaşır.

Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, onun bizə miras qoyduğu irs – müqəddəs ailə prinsipləri, yüksək mənəvi - əxlaqi dəyərlər daim yaşayacaqdır. Bu gün Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyəti, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında nümayiş etdirdiyi qətiyyət buna dəyərli sübutdir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ruhu şad olsun!

 

Əminə Ağazadə

Milli Məclisin deputatı