Sahibə Qafarova Belarus və efiopiyalı həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə edib

VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşlər keçirib.

Sabahinfo.az xəbər verir ki, Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşdə Azərbaycan və Belarus arasında dostluq prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu qeyd edərək, son dövrlərdə Azərbaycan və Belarus arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini qeyd ediblər.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişafının əhəmiyyəti vurğulanaraq, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikir mübadiləsi də aparılıb.

Görüşdə Azərbaycan və Belarus parlamentlərinin əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova özünün ötən ay Belarus Respublikasına rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşdə də iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Görüşdə iki ölkənin parlamentlərinin müxtəlif beynəxalq təşkilatlarda birgə fəaliyyət göstərdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Efiopiyanın təşkilatın konfransında iştirakı xatırladılıb. Həmçinin, qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyət göstərdiyi, dostluq qrupları arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.

Efiopiya Federal Şurasının sədri Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib.

Görüşlərdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında məlumat verib.